AZ

1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edilib - FOTO

Ermənistan vətəndaşlarının məhkəməsində 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edilib.

Aznews.az xəbər verir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası sentyabrın 15-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə hakim Zeynal Ağayev təqsirləndirilən şəxs Qurgen Stepanyanın yeni vəkillə təmin olunduğunu bildirib və ondan buna etirazının olub-olmadığını soruşub. Qurgen Stepanyan yeni vəkilinə etiraz etmədiyini bildirib.

Məhkəmə prosesi sənədlərin tədqiqi ilə davam etdirilib. Bildirilib ki, elan ediləcək sənədlər epizodlar üzrə tədqiq olunacaq.

Elan edilən sənədlərdən biri 1988-1991-ci illərdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində törədilmiş kütləvi iğtişaşlar, qəsəbədə yaşayan azərbaycanlı sakinlərin evlərinin dağıdılması faktı üzrə şübhəli şəxslərin və şahidlərin ifadələri ilə bağlı olub.

Elan olunan sənədə əsasən, şübhəli şəxs qismində dindirilmiş Sarkisyan Georqi İsakoviç ifadəsində göstərib ki, 1988-ci il sentyabrın 18-20-də ermənilər tərəfindən azərbaycanlıların evləri dağıdılıb, yandırılıb, azərbaycanlılar Xankəndi şəhərindən qovulublar.

Sənədə görə, G. Sarkisyan bildirib ki, dəstəsində Arkas, Şahin, Razmik, Balayan qardaşları, sürücü Edik, Vanik və Vaçik qardaşları, Qrişa, Maksim olub.

Həmin sənədə görə, şahid qismində dindirilmiş Səfərov Şahverdi Bəhlul oğlu ifadəsində göstərib ki, 1988-ci ildən başlayaraq Kərkicahan qəsəbəsində azərbaycanlıların yaşadığı evlərə basqınlar olub, həmin basqınlara tanıdığı Jora adlı erməni təşkilatçılıq edib.

Elan edilən sənədə əsasən, şahid qismində dindirilmiş Xaçaturyan Aleksandr ifadəsində göstərib ki, 1988-ci ilin fevralından Araksi, Kaprelyan Qurqen, Raça Beqlaryan və digərləri ermənilərin və azərbaycanlıların aralarında düşmən münasibət yaratmağa başlayıblar. Araksi Kərkicahan qəsəbəsində çıxış edərək, azərbaycanlıları Qarabağdan qovmağa səsləyib. 1988-ci ilin fevral ayından Sarkisyan Joranın başçılıq etdiyi silahlılar azərbaycanlıların Qarabağdan qovulmasını təşkil edib, hərbi paltarda gəzərək yanında olan şəxslərlə azərbaycanlılara qarşı tədbirlər hazırlayıb.

Sənədə görə, zərərçəkmiş şəxs Abuzərov Əvəz Əli oğlu ifadəsində göstərib ki, 1990-cı ilin avqust ayında Rzayev Tapdıq Köçəri oğlu ermənilər tərəfindən odlu silahla qətlə yetirilib. 1991-ci il iyunun 3-də Kərkicahan qəsəbəsinə ermənilər yenidən hücum ediblər. Ramiz Salahov, Rəhimov Şükür Qasım oğlu, Sahilov Atdıxan Məmməd oğlu, Səfərov Osman Mərdan oğlu və adlarını unutduğu şəxslər ermənilər tərəfindən açılan atəşlərə məruz qalıblar. Həmin hadisələr zamanı bəzi sakinlər yaralanaraq xəsarətlər alıb, Səfərov Ağəli Aydın oğlu isə öldürülüb. 1991-ci il sentyabrın 25-də Kərkicahana növbəti hücum olub. Həmin vaxt Hüseynov Aslan Mərdan oğlu ayağından güllə yarası alıb. Sentyabrın 30-da ermənilər avtomat silahdan atəş açaraq Kərkicahan sakini Həsənov Telman Yelmar oğlunu öz evinin qarşısında qətlə yetiriblər, daha sonra müəllim Abuzərova Bənövşə Abduləzim qızını, habelə Tarverdiyev Əfqan Novruz oğlunu, Soltanov Saleh Hüseynqulu oğlunu, Salahov Nurəddin Musa oğlunu və başqalarını yaralayıblar. Salahova Şəkər Saday qızının isə Balasanyan Qədir Aşot oğlu tərəfindən yaralanmasını şəxsən görüb. Dekabrın 28-də ermənilər hər tərəfdən Kərkicahana hücuma keçiblər. 1992-ci il yanvarın 13-də ermənilər atəş açaraq Əliyev İlham Bahadur oğlunu qətlə yetiriblər.

Məmmədov Arif Köçəri oğlunun öldürülməsi ilə bağlı cinayət işi üzrə şahid qismində dindirilmiş Rüstəmov Müşfiq İsfəndiyar oğlu ifadəsində göstərib ki, 1991-ci il mayın 16-da odlu silah hazırlanmasında və Azərbaycan kəndlərinə hücumlarda şübhəli bilinən şəxslərin tutulması məqsədilə Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri həyata keçirilib, şübhəli bilinən Borik Süleymanyan saxlanılıb. O, saxlanılan zaman təxminən 150-200 erməni Borikin aparılmasına maneə törətməyə çalışıb. Boriki polis şöbəsinə gətirdikləri zaman içərisində olduqları avtomobil Çartaz kəndinin maldarlıq ferması istiqamətində atəşə tutulub, nəticədə iş yoldaşı Arif Məmmədov güllə yarası alıb və bir neçə saat sonra Füzuli Rayon Mərkəzi Xəstəxanasında ölüb.

Seçilən
16
49
aznews.az

10Mənbələr