İngiltərə çempionu “Liverpul”un misirli vingeri Məhəmməd Salah sözügedən klubun heyətində daha bir rekorda imza atıb.
Arena.az xəbər verir ki, 33 yaşlı hücumçu buna “Börnli”yə qalib gəldikləri (1:0) Premyer Liqanın 4-cü turunun oyununda nail olub.
Penaltini dəqiq yerinə yetirmiş Salah yerli çempionatda Mersisayd təmsilçisində 11 metrlik cərimə zərbəsindən ən çox qol vurmuş (35) oyunçudur. O, Billi Liddellin (34) rekordunu qırıb.
Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasında 12 xalla liderdir.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkib. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində 5 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 406 oyun, 247 qol, 114 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 105 oyun keçirib, 59 qol vurub və 34 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.