BAKI, 14 sentyabr. TELEQRAF
BMT Baş Assambleyasının sədri Annalena Berbok, Ukrayna və Rusiya arasında mümkün atəşkəs əldə ediləcəyi təqdirdə, sülhün qorunması üçün BMT sülhməramlılarının Ukraynada yerləşdirilməsinə icazə verilə biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə "Bild" qəzetinə müsahibəsində danışıb.
Berbokun sözlərinə görə, Birləşmiş Millətlər Təşkilatının sülhməramlı qüvvələrinin Ukraynada yerləşdirilməsi üçün BMT-yə üzv ölkələrin əksəriyyətinin dəstəyi lazımdır. O, davamlı sülhün təmin edilməsi üçün xarici kontingentin zəruri olduğunu vurğulayıb.
"Sülh müqaviləsi bağlanarsa, o, maksimum dərəcədə qorunmalıdır. Əgər üzv dövlətlərin əksəriyyəti bunun üçün 'mavi dəbilqəlilərə' (BMT sülhməramlı qüvvələri - red.) ehtiyac olduğunu düşünərsə, bu, uzunmüddətli sülhün təmin olunmasına kömək edəcək. Hər şeydən əvvəl, sülh danışıqlarının aparılması lazımdır", - Berbok əlavə edib.
O, hazırda belə sülhməramlı missiyaların təkcə Avropa qitəsində deyil, bütün dünyada hər zamankından daha vacib olduğunu qeyd edib.