Sentyabrın 13-də Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb. Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində keçirilən festival iki gün davam edəcək.
AZƏRTAC xəbər verir ki, festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər şəxslər iştirak ediblər.
Açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki, üzümçülük və şərabçılığın Azərbaycanda, eləcə də Cənubi Qafqazda çox qədim tarixi var. Belə festivallar ənənələri yaşatmaqla yanaşı, ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına da təkan verir.
Festivalın əhəmiyyətindən danışan nazir təşkilatçılara minnətdarlığını bildirib. Qeyd edib ki, ötən il ölkəmizdə 12 milyon litr şərab istehsal olunub: “Bu istiqamətdə hələ görüləsi çox iş var. İnanıram ki, bu rəqəm ildən-ilə daha da artacaq və Azərbaycan şərabının tanınmasında belə festivallar mühüm rol oynayacaq”.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov bildirib ki, vaxtilə yalnız aqrar region kimi tanınan Şamaxı bu gün həm aqroturizm, həm də turizmin digər bütün istiqamətlərində inkişaf edir: “Rayonumuzda aparılan çox böyük quruculuq işlərinə, həmçinin inkişafa görə Prezidentimizə bütün əhalimiz adından dərin minnətdarlığımızı bildirirəm. Şamaxının poeziyasının, musiqisinin, xalçaçılığının, qədim tarixi abidələrinin turistlərə yüksək səviyyədə təqdim olunması üçün belə festivallar çox önəmlidir. Biz qarşıdakı illərdə də yeni layihələrlə sizin qarşınıza çıxacağıq”.
Üzüm və Şərab Festivalı maraqlı-əyləncəli proqramla davam edir. Festivalın birinci günü xüsusi hazırlanmış şou ilə başlayıb.
Səhnəyə retro tərzdə sevilən mahnılar ifa edən “Retro Band” çıxıb. Azərbaycan cazının tanınmış ifaçılarından biri, beynəlxalq müsabiqələrin iştirakçısı Ülviyyə Rəhimova da Üzüm və Şərab Festivalının qonağı olub. Daha sonra populyar ifaları ilə sevilən Nigar Camal çıxış edib. Enerjisi və xarizması ilə seçilən kubalı müğənni, rəqqasə və xoreoqraf Edglis Hayle isə Latın Amerikası ritmləri ilə festival iştirakçılarını rəqsə dəvət edib.
Festivalın birinci günü səhnəyə çıxan növbəti musiqi iştirakçısı gənc bəstəkar və ifaçı Kazım Can olub. Simli alətlərdə ifa edən “The Passion band”, “Qaya” Dövlət Ansamblının solisti Humay Aslanova, müğənni Diana Hacıyevanın rəhbəri olduğu “Dihaj” qrupu da festival iştirakçıları sırasında idi.
Rok və hip-hop üslubunda dinamik performansları ilə seçilən “Gaga band”, xalq musiqisinin kökləri əsasında yaradılan enerjili trekləri ilə tanınan DJ Iradə və DJ Kamo, populyar müğənni Dilarə Kazımova da festivalın birinci günündə səhnəyə çıxıblar.
Qeyd edək ki, festivalın məqsədi yerli üzüm və şərab istehsalının təşviqi, şərab məhsullarının ixrac potensialının artırılması, Azərbaycanda üzümçülük və şərab istehsalı tarixinin və bu sahədə görülən işlərin geniş ictimaiyyətə çatdırılmasıdır. Builki festivalın proqramına da üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı müxtəlif maarifləndirici və əyləncəli tədbirlər daxildir.
Meysəri kəndindəki “Şirvan şərabları” MMC-nin üzümçülük və şərabçılıq kompleksinin ərazisində təşkil olunan festivalda müxtəlif şərab brendləri iştirak edir.
Burada yerli və xarici istehsalçıların nümayiş etdirdikləri müxtəlif çeşidli şərab məhsullarının dequstasiyaları təşkil edilir, ziyarətçilər bəyəndikləri məhsulları ən sərfəli - zavod qiymətinə əldə etmək, ustad dərslərində iştirak etmək, şərab evlərinin maraqlı hekayələrini dinləmək imkanı qazanırlar.
Həmçinin festival ərazisində sərgi və məşhur restoranların pavilyonları quraşdırılıb. Ziyarətçilər üçün rəssamların üzümçülük mövzusunda əsərləri sərgilənir.
Festival ərazisində tələbələr tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin süni intellektlə bağlı təqdimatı olub.
Sentyabrın 14-ü də festivalın musiqi proqramı rəngarənglik vəd edir. Həmin gün açılışı müasir pop janrında çıxış edən, səsi və fərqli səhnə təqdimatı ilə seçilən gənc ifaçı Sevanna edəcək.
İstedadlı saksofonçu, “Suleymanbeyli Group” layihəsi ilə çıxış edən Teymur Süleymanbəyli və qrupun solisti Nəzrinin də ifaları unudulmaz anlarla yadda qalacaq.
İki dəfə “Eurovision”da çıxış edən, “The Voice Türkiye” yarışmasının qalibi Elnur Hüseynov, digər “Eurovision” təmsilçimiz, festivalın hər iki gününün qonağı Nigar Camal, populyar müğənni Samir Piriyev, Meksika və samba üslubunda musiqilər ifa edən “Mexican band”, populyar estrada müğənnisi Nura Suri, Humay Aslanova, caz və xalq musiqisini birləşdirən ifaları ilə tanınan Xalq artisti Tünzalə Ağayeva, gənc DJ Kamo müxtəlif tamaşaçı zövqünə uyğun musiqiləri ilə festivalı daha ritmli və dinamik edəcəklər.
Ziyarətçilər üzüm istehsalı və şərabçılıq, Azərbaycanın turizm potensialı ilə daha yaxından tanış olmaq imkanı qazanmaqla yanaşı, müxtəlif oyunlara da qatıla biləcəklər.
Artıq dördüncü dəfədir keçirilən Üzüm və Şərab Festivalı şərab istehsalçılarına yeni işgüzar əlaqələr qurmaq, məhsullarını geniş auditoriyaya tanıtmaq üçün gözəl fürsətdir.