AZ

Çin müharibənin davam etməsində MARAQLIDIR

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı müharibəyə başlayandan sonra Qərbin sərt sanksiyaları və diplomatik təcridi Moskvanı alternativ tərəfdaşlar axtarmağa məcbur edib. Bu şəraitdə ən əlverişli müttəfiq kimi Çin ön plana çıxıb. Pekin də ABŞ və Qərblə rəqabətdə olduğu üçün Moskva ilə əməkdaşlığı genişləndirməyə başlayıb.

Lakin ekspertlərin fikrincə, bu münasibətlər strateji ittifaqdan çox zərurətdən doğmuş əməkdaşlıq xarakteri daşıyır.

Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiyanın son 3-4 ildə Çindən asılılığı artıb:

"Rusiya Ukraynada müharibəyə başladıqdan sonra Qərb ona sanksiyalar tətbiq etməyə başladı. Beləliklə də, Rusiya Qərbin yüksək texnologiyalarını ala və neftini, qazını ona sata bilmir. Bu səbəbdən də şimal qonşumuz əsas bazar kimi Çini seçib. Rusiyanın son 3-4 ildə Çindən asılılığı artıb. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) fərqlidir, o daha əvvəl yaranıb. Hər iki dövlət həm öz aralarında, həm də təşkilat daxilində inteqrasiyanı gücləndirməyə çalışırlar. İkisinin də məqsədi birqütblü dünyanı ortadan qaldırmaq və daha çox tərəfdaş toplamaqdır. Azərbaycan da bu təşkilata maraq göstərir. Amma təşkilatda marağımız, məqsədimiz Qərbə qarşı ittifaqın bir parçası olmaq deyil. Bizim ŞƏT-ə inteqrasiya olunmaqda əsas məqsədimiz iqtisadi əməkdaşlığı gücləndirmək, iştirakçı dövlətlərin Azərbaycanın nəqliyyat imkanlarından istifadəsini gücləndirməkdir. Bizim nəqliyyat yollarımızın əsas ünvanı belə baxanda Çindir. Çin gərək yükdaşımalarını artıra ki, Bakı-Tbilisi-Qars və gələcəkdə Zəngəzur dəhlizinin yükdaşımları artsın. Yoxsa Rusiya və Çinin anti-Qərb,anti-ABŞ siyasətində Azərbaycan yer almır və almayacaq".

O qeyd edib ki, Rusiya Ukraynaya qarşı müharibə apardığı müddətdə Qərblə münasibətləri pis olacaq və Çindən asılıq hələ də qalacaq:

"Çin də əslində müharibənin bitməsini istəmir və bunu da heç gizlətmir. Çin xarici işlər naziri bu yaxınlarda çıxışı zamanı açıq qeyd etdi ki, müharibə bitsə, ABŞ Çinə qarşı sərt davranmağa başlayacaq. Sözündən belə çıxdı ki, qoy, ABŞ-nin başı Rusiya-Ukrayna müharibəsinə qarışsın. Buradan aydın olaraq nəticə çıxır ki, Çin müharibənin davam etməsində maraqlıdır. Rusiyanın da bu səbəbdən Çin bazarından asılılığı var. Müharibə bitəndən sonra da Rusiya və Çin bu münasibətləri yəqin ki, davam etdirəcək. Çünki həm Çinin, həm də Rusiyanın Qərblə  münasibətləri yaxın illərdə normallaşan deyil. Soyuq müharibə dövründə SSRİ ilə Çin arasında münasibətlər soyuq idi. Amma SSRİ dağıldıqdan sonra, Rusiyanın müstəqilliyi hamar olmadığından Çinlə yaxınlaşmağa başladı".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
2
modern.az

10Mənbələr