AZ

Rusiya - Ukrayna müharibəsi ABŞ - Çin müharibəsinə çevrilir- ÖZƏL

Rusiya dövlət olaraq inkişaf prosesində ancaq işğalçılıq prinsipinə əsaslanan siyasət yürüdüb. İşğalçılıq, imperialist ideologiyası rus dövlətinin mövcudluq formasıdır. Yəni, Rusiya işğalçılıqla mövcudluğunu təmin edir. Rusiya bu gün də eyni siyasətini davam etdirir. Ancaq, Rusiya-Ukrayna müharibəsi əslində Rusiyanın məcburi cəlb edildiyi müharibədir. İnkar etmək olmaz ki, Rusiyanın Ukraynaya hücumunun əsas səbəbi məhz Qərbin, ABŞ-ın Rusiyanı bu müharibəyə məqsədli təhrik etməsidir. Plan ondan ibarət idi ki, Rusiya Ukrayna cəbhəsində uzunmüddətli müharibəyə cəlb olunsun və Rusiya Əfqanıstanda olduğu kimi hərbi bataqlığa düşsün və ABŞ-ın strateji planlarının icrası mümkün olsun. 
1990-ci il SSRİ və ABŞ arasında razılaşmaya əsasən, NATO-nun Şərqə doğru genişlənməməsi öhdəliyinə zidd olaraq, ABŞ hətta Ukrayna vasitəsi ilə Rusiya sərhədlərinə tərəf genişlənməyə başladı. Rusiyanı öz mahiyyətindən istifadə etməklə istəmədiyi bir müharibəyə cəlb etmək o qədər də çətin olmadı. ABŞ-ın da strateji planı ondan ibarət idi: Rusiya bu müharibəyə cəlb olunsun və ilkin mərhələdə plan baş tutdu. Ancaq, prosesdə müharibə ABŞ üçün gözlənilməz nəticələr verdi. Rusiya Ukraynanın daxilinə doğru irəliləmək əvəzinə, hədəfi dəyişərək, sərhədləri boyu müəyyən əraziləri tutmaqla orada möhkəmlənməyə başladı. Beləliklə, ABŞ-ın Rusiya üçün hesabladığı bataqlıq müharibəsi bir növ müdafiə xarakteri aldı. ABŞ Rusiyanı zəiflətmək əvəzinə demək olar ki, yeni güc mərkəzinin yaranmasına təkan vermiş oldu. Birqütblü dünyanın formalaşmasına çalışan ABŞ əksinə, Çin - Rusiya yaxınlaşmasına səbəb olaraq, real güc mərkəzini önə çıxardı.
Məsələ budur ki, Rusiya minlərlə iqtisadi sanksiyalar səbəbindən məcburən Çinlə iqtisadi və hərbi yaxınlaşmanı gücləndirməyə məcbur oldu və bu ittifaq daha da genişləndi. Şimali Koreya və digər ölkələr də bu birlikdə, reallıqda Çin ətrafında birləşməyə başladı. Proses Amerikanın istəmədiyi bir istiqamətdə inkişaf etdi. 
Rusiya - Ukrayna müharibəsindən ən çox iqtisadi xeyir görən tərəf ABŞ olsa da, əslində strateji baxımdan əsl udan tərəf Çin oldu. Çin bu müharibə səbəbindən Rusiyanı öz təsir dairəsinə çəkdi və iqtisadiyyatını özünə bağladı və özündən asılı vəziyyətə saldı. Plan Çinin uzunmüddətli böyük strateji hədəflərinə hesablanıb. 
Rusiya - Çin münasibəti hərbi müttəfiqlik kimi təqdim edilsə də, əslində isə tamamilə Çinin strateji maraqlarına xidmət edir. Belə ki, dünyanın ən çox əhalisindən olan Çinin, dünyanın ən böyük ərazisi və qonşusu olan Rusiyada maraqları təmin olunmağa yaxınlaşır. Əhali artımı fonunda Rusiyanın ərazilərinin əhəmiyyətli hissəsinin müxtəlif formalarda Çinin nəzarətinə keçməsi ehtimalı yüksəlir. Bu isə ABŞ-ın qəti istəmədiyi bir ssenaridir. Əslində, ABŞ-ın Ukrayna-Rusiya müharibəsində Rusiyanın tamamilə məğlub edilməsinin uzadılmasının səbəbi də məhz Çin faktorudur.
Rusiya məğlub edilsə Çinin Rusiya əraziləri ilə bağlı strateji hədəfləri reallaşa bilər. ABŞ isə buna yol vermək niyyətində deyil. Bu səbəbdən də atəşkəsin əldə edilməsi, həmçinin Kremldə hakimiyyət dəyişikliyi Rusiyanı Çindən qoparmaq üçün düşünülür. Trampın müharibəni dayandırmaq  canfəşanlığının əsl səbəbi budur. Çin isə əksinə Rusiya - Ukrayna müharibəsinin davamına maraqlıdır və Rusiyaya təsir edir. 
Düzdür, Rusiya-Ukrayna müharibəsinə Trumpın Putinlə Alyaskadakı görüşündən sonra münasibətinin dəyişməsi, Ukraynanın Rusiya qarşı əhəmiyyətli hücumlarına, genişlənməsinə bir təkan olsa da, bütövlükdə ABŞ-ın məsələyə yanaşma tərzinin dəyişməsi demək deyil. Üç ildən çox davam edən Rusiya-Ukrayna müharibəsi Ukraynanı sovet dövründə malik olduğu hərbi, elmi-texniki və hətta nüvə potensialını bərpa etməyə, təkmilləşdirməyə məcbur edib. Tramp və Zelenski arasında qeyri normal münasibət məhz müharibəyə baxış bucağından qaynaqlanır. Ancaq, ABŞ gedən qlobal prosesdə Çini əngəlləmək üçün Rusiya Ukrayna müharibəsini dayandırmaq üçün cəhdlərini davam etdirəcək.



Vüqar Dadaşov
Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
53
50
olaylar.az

10Mənbələr