“Bakıda Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi türk-İslam aləminin bütün dünyaya birlik, həmrəylik mesajıdır”.
Redaktor.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu cür təlimlər hər şeydən öncə dost ölkələr arasında hərbi əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir:
“Sonsuz qardaşlıq-IV” təlimi Azərbaycanla dost-qardaş dövlətlər arasındakı hərbi əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi, bu sahədə yeni layihələrin həyata keçirilməsi baxımından böyük önəm kəsb edir. Bu cür təlimlər həm bizə, həm də hərbi sahədə əməkdaşlıq etdiyimiz dövlətlərə imkan verir ki, ordularımızın peşəkarlığını, döyüş hazırlığını artıraq, müasir hərbi yeniliklərin döyüş şəraitində tətbiqinə hazır olaq.
Bu gün dünyanın bütün ordularında əsas zərbə qüvvəsinin xüsusi təyinatlılar təşkil etdiyi, müharibələrin əsas yükünün məhz bu katqoriyadan olan hərbçilərin üzərinə düşdüyü heç kimə sirr deyil. 44 günlük Vətən müharibəsində biz bunun bir daha şahidi olduq. Ona görə də Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təliminin keçirilməsi odluqca önəmli və təqdirəlayiqdir”.
Polkovnik bu təlimlərin dövlətlər arasındakı siyasi münasibətlərə göstərdiyi təsirə də diqqət çəib:
“Birgə hərbi təlimlər mahiyyət etibarilə dövlətlər arasındakı siyasi münasibətlərə də ciddi təsir göstərir, bu münasibətlərin də genişlənməsinə zəmin formalaşdırır. Hərbi təlimlər sayəsində dövlətlər arasında təmas artır ki, bu da həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq üçün yeni imkan və perspektivlərin ortaya çıxmasına şərait yaradır. Buna görə də bu cür hərbi təlimlərin Azərbaycanla dost dövlətlər arasında siyasi-iqtisadi sahədəki əməkdaşlığı genişləndirəcəyi şübhəsizdir”.
Polkovnik təlimin məqsəd və istiqamətlərindən də danışıb:
“Təlimin əsas məqsədi xüsusi təyinatlı qüvvələrin döyüş hazırlığını daha da yüksəltmək, onların bilik və bacarığını inkişaf etdirməkdir. Onu da qeyd edək ki, bu təlimlər hər hansı üçüncü tərəfə qarşı yönəlməyib və yalnız sülh və təhlükəsizlik naminə əməkdaşlığı nəzərdə tutur. Buna görə də bu təlimlər regional və qlobal sülh naminə atılan addım kimi dəyərləndirilməlidir”.