AZ

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə ilə bağlı ictimai müzakirə aparılıb - FOTOLAR

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) birgə əməkdaşlığı çərçivəsində sentyabrın 10-da “Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizə: hüquqi çərçivə və ictimai məsuliyyət” mövzusunda ictimai müzakirə keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Səhiyyə Nazirliyinin rəsmiləri, həmçinin Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Baş Prokurorluq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

İctimai müzakirənin əsas məqsədi qanunsuz tibbi fəaliyyət hallarına qarşı mübarizə tədbirlərinin effektivliyinin artırılması, mövcud hüquqi çərçivənin təkmilləşdirilməsi, dövlət qurumları ilə özəl sektor arasında daha sıx dialoqun formalaşdırılması, özəl klinikaların reputasiyası, ictimaiyyətin etimadının möhkəmləndirilməsi və ictimai məsuliyyətin artırılmasıdır.

Açılış nitqi ilə çıxış edən ÖTMA İdarə Heyətinin sədri Günel Əliyeva qanunsuz tibbi fəaliyyətin pasiyentlərin sağlamlığına vurduğu təhlükələrdən və mövcud problemlərin aradan qaldırılması üçün birgə səylərin vacibliyini vurğulayıb.

Bildirilib ki, həm özəl tibb müəssisələri, həkimlər, həm də pasiyentlər öz hüquq və vəzifələrini bilməlidir, eyni zamanda qanunvericilyin tələblərinə mütləq qaydada riayət edilməlidir.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev müzakirə olunan mövzunun aktuallığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Səhiyyə Nazirliyinin qanunsuz tibb fəaliyyəti ilə mübarizəyə qanunvericilik, nəzarət, dövlət qurumları arasında koordinasiyalı fəaliyyətlər və ictimai iştirakçılıq kimi 4 əsas prizmadan yanaşır.

Qanunsuz tibb fəaliyyətinə qarşı mübarizənin effektiv aparılması üçün aydın hüquqi və tənzimləyici çərçivənin mövcud olması, nəzarət mexanizmlərinin optimallaşdırılması, aidiyyəti dövlət qurumları ilə koordinasiyalı fəaliyyətlərin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləmdirilməsinin mühü əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.

Eyni zamanda, bu platformada ictimai iştirakçılıq amilləri, vətəndaş cəmiyyəti institutlarının cəlb edilməsi, maarifləndirmə tədbirləri, səhiyyə qurumları ilə pasiyentlərin arasında inamın formalaşdırılmasının vacibliyi qeyd edilib.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev və digər çıxışçılar qanunsuz tibbi fəaliyyətin qarşısının alınması yolları, dövlət nəzarəti mexanizmləri, pasiyentlərin məlumatlılığının artırılması və maarifləndirmə kampaniyalarının əhəmiyyətini vurğulayıblar.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

 

Seçilən
27
7
bakivaxti.az

8Mənbələr