AZ

Azərbaycan Macarıstanın etibarlı enerji tərəfdaşıdır

Son illər Azərbaycanla Macarıstan arasında iqtisadi əlaqələrin davamlı inkişafı müşahidə olunur. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. 

Ticarət əməliyyatları getdikcə artır. Ölkəmizdə Macarıstan investisiyalı  çoxsaylı şirkətlər əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərirlər. Ölkələrimiz qarşılıqlı surətdə bir-birinin iqtisadiyyatına  investisiya yatırıb.

Bütün bunlarla yanaşı, enerji səhəsində də sıx əməkdaşlıq əlaqələri var. Əslində, bu sahədə əlaqələr daha genişdir.  Məsələn, keçən il  Macarıstanın "MVM Group" şirkəti "Cənub qaz dəhlizi"  QSC-dən "Şahdəniz" qaz yatağının işlənməsi layihəsində 5 faizlik və "Azerbaijan Gas Supply Company Limited" (AGSC) şirkətindən "South Caucasus Pipeline Company"də 4 faizlik pay alıb.

Macarıstanın MOL şirkəti isə  "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 9,57 faizlik payla iştirak edir. Gələn ilin əvvəlində növbəti kontraktın imzalanacağı gözlənilir. Belə ki, Azərbaycanın qurudakı neft yataqlarında daha bir Macarıstan şirkəti fəaliyyətə başlayacaq.

Azərbaycanın qaz ixrac etdiyi ölkələrdən biri də məhz Macarıstandır. Macarıstanda bu, yüksək dəyərləndirilir və Azərbaycanın ölkə üçün önəmli bir enerji mənbəyi olduğu vurğulanır. 

Ölkələrimiz  "yaşıl enerji" sahəsində də geniş əməkdaşlığa başlayıblar. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi  sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Prezident İlham Əliyev bununla bağlı belə deyib: "Azərbaycanın çox böyükmiqyaslı "yaşıl enerji" gündəliyi vardır. Biz növbəti beş il ərzində 6 min meqavat gücündə "yaşıl enerji" istehsal edəcəyik. 500 meqavat son iki il ərzində yaradıldı, 6 min meqavat beş il ərzində təmin ediləcək. Mən bütün bu rəqəmləri kontraktlar əsasında deyirəm, yəni bu, reallaşacaq layihələrdir. Beləliklə, təkcə bu layihələr bizə təqribən 3-4 milyard kubmetr qaza qənaət etmək üçün imkan yaradacaq ki, bunun da əsas istiqaməti təbii ki, Türkiyə və Avropa ölkələri olacaqdır".

Enerji əməkdaşlığının inkişafında Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupu əhəmiyyətli rol oynayır. İşçi Qrupunun keçirdiyi qarşılıqlı müzakirələr, uzunmüddətli səmərəli əməkdaşlıq sayəsində ölkələrimiz arasında enerji tərəfdaşlığı daha da güclənərək strateji xarakter alır.

Bu günlərdə İşçi Qrupunun onlayn formatda keçirilən 5-ci iclasında da məhz bunlar qeyd edilib. İşçi Qrupunun həmsədri, Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov çıxış edərək Azərbaycan ilə Macarıstan arasında enerji sahəsində əməkdaşlıq münasibətlərinin inkişafında İşçi Qrupunun uğurlu fəaliyyətini qeyd edib.

Azərbaycan və Macarıstan arasında neft-qaz sektoru üzrə əməkdaşlığın qarşılıqlı faydalı tərəfdaşlığa çevrildiyini vurğulayıb. Hər iki ölkənin enerji şirkətləri arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib. Macarıstan tərəfinin "Cənub qaz dəhlizi" və "Yaşıl Enerji" Məşvərət şuralarının iclaslarında, Bakı Enerji Həftəsində iştirakı, xüsusilə COP29 çərçivəsində ölkəmizin irəli sürdüyü enerji təşəbbüslərinə verdiyi dəstək qeyd edilib. 

Çıxışda həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıqdan irəli gələn məsələlər, Xəzər-Qara dəniz-Avropa "Yaşıl Enerji Dəhlizi" layihəsinin əhəmiyyətindən bəhs edilib. 

Macarıstan tərəfindən iclasın həmsədri, Xarici İşlər və Ticarət Nazirliyinin Enerji və iqlim diplomatiyası şöbəsinin müdiri xanım İzabella Feierabend isə çıxış edərək iki ölkə arasında enerji əməkdaşlığının müxtəlif istiqamətlərdə uğurlu inkişafı mövzusu üzərində dayanıb. O, neft-qaz sahəsində həyata keçirilən birgə layihələr və infrastruktur imkanları ilə bağlı fikirlərini bölüşüb, "yaşıl enerji" və enerji tənzimlənməsi üzrə təcrübə mübadiləsinin aparılmasının və enerji səmərəliliyi sahəsində əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb.

İclasda İşçi Qrupun keçən dəfəki iclasından ötən dövr ərzində görülmüş işlərə dair məlumat verilib, neft və qaz, bərpaolunan enerji, enerji tənzimlənməsi və enerji səmərəliliyi sahələri üzrə əməkdaşlığa, həyata keçirilən layihələrə dair təqdimatlar dinlənilib. Sonda Enerji üzrə İşçi Qrupun 5-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında Enerji üzrə İşçi Qrupunun bundan əvvəlki iclası keçən ilin aprel ayında, 3-cü iclası isə 2023-cü ilin fevral ayında keçirilmişdi.  

 

Flora SADIQLI,

"Azərbaycan"

Seçilən
0
9
azerbaijan-news.az

10Mənbələr