“Şahdəniz” konsorsiumu “Şahdəniz Kompressiya” (ŞDK) layihəsi çərçivəsində ŞDK platformasının üst modullarının tikintisi üçün 321 milyon ABŞ dolları dəyərində müqavilə imzalayıb.
BP şirkətinin məlumatına görə, müqavilə “Azfen” şirkətinə verilib.
Üst modulların tikintisi müqaviləsi bu ilin iyun ayında ŞDK layihəsi üzrə qəbul edilən yekun investisiya qərarından sonra layihənin icrası üçün əsas işlərin başlandığını bildirən mühüm bir addımdır.
Müqavilənin iş həcminə ŞDK platforması üçün 8500 tonluq üst modullar blokunun inşası, montajı, quraşdırılması və inteqrasiyası daxildir. Tikinti işləri ölkə daxilində yerli infrastruktur və resurslardan istifadə etməklə “Azfen”in Bayıldakı tikinti-quraşdırma sahəsində həyata keçiriləcək.
Üst modulların tikintisi işlərinin 2025-ci ilin dördüncü rübündə başlanacağı və 2028-ci ilin sonuna başa çatacağı planlaşdırılır. Bu işlərə 90 faizdən çoxu yerli mütəxəssislər olmaqla 3000-dən artıq işçi qüvvəsi cəlb olunacaq.