Ötən gün IDEA İctimai Birliyinin təşəbbüsü ilə Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nümayəndələrinin iştirakı ilə Sumqayıtda yerləşən Nəsimi adına mədəniyyət və istirahət parkında fəaliyyət göstərən “Turan” restoranında təcili araşdırma tədbirləri həyata keçirilib.
Adalet.az xəbər verir ki, monitorinq nəticəsində sözügedən iaşə obyektinin ərazisində qanunsuz olaraq 2 dəvəquşu və 13 yaxalıqlı tutuquşunun saxlanıldığı aşkarlanıb.
Həmin heyvanlar Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən ərazidən götürülüb. Hazırda klinik şəraitdə müayinə və reabilitasiya işləri aparılır.
Qeyd edək ki, əvvəllər Bakı şəhərinin parklarında və yaşıllıqlar mövcud olan digər ərazilərdə çoxsaylı tutuquşu məskunlaşıb. Lakin ötən əsrin sonlarında mövcud olan ekoloji problemlər səbəbindən bu növlərin sayı kəskin azalıb.
Bir neçə il əvvəl şəhər mühitinə aid olan heyvan növlərinin mühafizəsi istiqamətində aparılan layihələrin tərkib hissəsi olaraq Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə “Urban Ecology” (Şəhər ekologiyası) layihəsi çərçivəsində Bakı şəhərində təbiətə yaxalıqlı tutuquşular buraxılıb. Sumqayıt şəhərində xilas edilən 13 tutuquşunun da eyni qayda ilə tezliklə təbiətə reintroduksiyası nəzərdə tutulur.
Vətəndaşlardan vəhşi heyvanların qanunsuz olaraq saxlanması halları ilə rastlaşdıqda IDEA İctimai Birliyinin 1113 “Təbiətə Təcili Yardım” qaynar xəttinə və ya rəsmi sosial media kanallarına məlumat vermələrini xahiş edilir.