AZ

Zəngəzur dəhlizi Orta Dəhlizin inkişafına necə təkan verəcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz ideyası dünyada baş verən gərgin geosiyasi proseslər fonunda irəli sürülüb. 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə bu layihə reallaşıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulublar. Hazırda Çin-Qazaxıstan sərhədindən başlayan marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Orta Dəhliz təkcə Azərbaycanın deyil, regiondakı digər dövlətlərin də iqtisadi maraqlarını əks etdirən irihəcmli beynəlxalq nəqliyyat layihəsidir".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.
O bildirib ki, Orta Dəhliz iqtisadi baxımdan səmərəli olması ilə yanaşı, siyasi əhəmiyyəti də az deyil:
"Hazırda dünyanın ən iddialı iqtisadi proqramı hesab olunan, Çin və Avropanı inkişaf etmiş yollar, yüksəksürətli dəmiryol xətləri, elektrik xətləri, limanlar, boru kəmərləri və digər mühüm infrastruktur vasitələri ilə birləşdirməyi hədəfləyən bu layihə 65 ölkəni və dünya üzrə ümumi daxili məhsulun 40 faizini əhatə edir. Hətta Dünya Bankının məlumatına görə, hazırda dəhliz boyunca yerləşən 70 ölkədə "Bir kəmər-bir yol" təşəbbüsü çərçivəsində investisiyalar 575 milyard ABŞ dolları təşkil edir".
"Xüsusilə işğaldan azad edilmiş ərazilərimizdə yeni nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Orta Dəhliz boyunca yeni nəqliyyat qolunun açılması baxımından böyük əhəmiyyətə malik olacaq. Hazırda dövlətimizin üzərində işlədiyi nəqliyyat və transmilli enerji layihələrinin inkişaf etdirilməsi Orta Dəhlizin potensialını yüksəldəcək, siyasi və investisiya dəstəyini artırmağa xidmət edəcək. Düşünürəm ki, düzgün sərmayələr və siyasi qərarlar ilə Orta Dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə artırıla, eyni zamanda, marşrutla yükdaşıma müddəti iki dəfə azaldıla bilər", - deyə müsahibimiz fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Seçilən
51
2
oxu.az

10Mənbələr