Sentyabrın 2-də saat 13:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisində baş verən yanğınla bağlı çağırış daxil olub.
Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Lakin hadisə ilə əlaqədar briqadaya hər hansı müraciət qeydə alınmayıb.
Xeyrənsə Piriyeva
14:16
***
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
News24.az xəbər verir ki, bununla bağlı FHN məlumat yayıb.
Bildirilib ki, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub:
"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib. FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 80 kv.m olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kv.m sahədə yanıb. Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib".
"FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində 3-ü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub". - deyə məlumatda qeyd edilib.