AZ

Azərbaycanın hüdudları aşan nüfuzu: "Ölkəmiz beynəlxalq diplomatiyada mövqeyini gücləndirir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) növbəti illik sammitində 20-dən ölkənin liderləri və 10-dan çox beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.
Sammit çərçivəsində təşkilatın yaxın 10 il üçün inkişaf strategiyasının qəbul olunması gözlənilir. Bu, ŞƏT-in yalnız təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi və enerji əməkdaşlığı, eləcə də mədəniyyət və elmi sahələrdə daha fəal rol oynamaq niyyətini göstərir. 2001-ci ildə yaradılan və bu günə qədər 10 ölkəni tam üzv kimi birləşdirən təşkilat hazırda regional güc mərkəzlərindən birinə çevrilib.
2015-ci ildə ŞƏT Dövlət Başçıları Şurasının iclasında Azərbaycana ŞƏT-də "dialoq üzrə tərəfdaş" statusunun verilməsi barədə qərar qəbul edilib. 2016-cı ildə Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan "Azərbaycan Respublikasına ŞƏT-in "dialoq üzrə tərəfdaşı" statusunun verilməsi haqqında Memorandum" imzalanıb. Son illərdə isə ölkəmizin təşkilatla münasibətləri daha da dərinləşir. Ötən müddətdə isə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib. Əbəs deyil ki, təşkilatın budəfəki sammitində Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycanın ŞƏT-ə tam üzvlüyünə dəstəyini ifadə edib. Hazırda dialoq tərəfdaşı olan Azərbaycan üçün bu, ŞƏT çərçivəsində statusunun yüksəlməsi baxımından mühüm bir addımdır.
Çin tərəfinin açıq dəstəyi, Azərbaycanın ŞƏT-ə inteqrasiyası üçün yalnız formal dəstək deyil, həm də reallığa çevrilə biləcək siyasi niyyətin göstəricisidir. Tam üzvlük həm Azərbaycanın geosiyasi mövqeyinin gücləndiyini, həm də daha da güclənə biləcəyi və tranzit-logistika, enerji, rəqəmsal infrastruktur kimi sahələrdə yeni imkanlar aça bilər. Eyni zamanda, bu addım Azərbaycanın regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq platformalarında söz sahibinə çevrilməsi potensialını artırır.
Milli Məclisin deputatı, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Səbinə Salmanova Oxu.Az-a açıqlamasında bildirib ki, Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) və "ŞƏT plyus" formatının 25-ci sammiti təşkilat tarixində ən geniş tərkibli tədbir kimi yadda qalacaq:
"24 dövlətin lideri, səkkiz beynəlxalq təşkilatın rəhbəri və nüfuzlu siyasətçilərin iştirakı sammitin beynəlxalq gündəlikdəki çəkisini bir daha ortaya qoyur. Sammitin bu qədər geniş nümayəndə heyətlərini bir araya gətirməsi təsadüfi deyil. Dünyada geosiyasi gərginliklərin artdığı, iqtisadi böhranların müşahidə olunduğu bir vaxtda dövlətlər çoxtərəfli əməkdaşlıq mexanizmlərinə daha böyük önəm verirlər. ŞƏT platforması məhz bu baxımdan ölkələr üçün alternativ imkanlar yaradır. Dialoq təhlükəsizlik, ticarət və mədəni əməkdaşlıq istiqamətlərində ortaq mövqelərin formalaşdırılmasına xidmət edir".
Onun sözlərinə görə, Azərbaycan uzun illərdir Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə əlaqələrini davamlı şəkildə inkişaf etdirir və təşkilat çərçivəsində fəal tərəfdaş kimi çıxış edir:
"Bu münasibətlər bir neçə əsas istiqamətdə formalaşıb və ölkəmizin regional və qlobal siyasətdə mövqeyini gücləndirir. Birincisi, çoxtərəfli diplomatiya və siyasi əməkdaşlıq sahəsində Azərbaycan ŞƏT platformasında aktiv iştirak edir. Ölkəmiz təşkilat çərçivəsində regional və beynəlxalq məsələlərin müzakirəsində konstruktiv mövqe nümayiş etdirir və təşəbbüskar rolunu ortaya qoyur. Bu, Azərbaycanın beynəlxalq siyasətdə etibarlı və balanslı tərəfdaş kimi tanınmasına imkan yaradır.
İkincisi, iqtisadi və ticarət sahəsində əməkdaşlıq Azərbaycan-ŞƏT münasibətlərinin prioritet istiqamətlərindən biridir. Ölkə üzv dövlətlərlə qarşılıqlı faydalı layihələr həyata keçirir, enerji, nəqliyyat, logistika və texnologiya sahələrində əməkdaşlığı genişləndirir. Bu yanaşma həm milli iqtisadiyyatın inkişafına, həm də regionun iqtisadi inteqrasiyasına töhfə verir.
Üçüncüsü, regional inteqrasiya təşəbbüsləri Azərbaycan üçün strateji əhəmiyyət daşıyır. Bakı xətti çərçivəsində ölkəmiz ŞƏT üzv dövlətləri ilə subregional əməkdaşlıq formatlarını inkişaf etdirir, qarşılıqlı etimad və koordinasiyanı gücləndirir. Bu, yalnız diplomatik üstünlük deyil, həm də regionun təhlükəsizliyi və sabitliyi üçün mühüm əhəmiyyət kəsb edir.
Dördüncüsü, texnologiya və infrastruktur sahəsində əməkdaşlıq ŞƏT çərçivəsində Azərbaycanın prioritet istiqamətlərindəndir. Ölkə liman, nəqliyyat dəhlizləri və rəqəmsal transformasiya layihələrində birgə təşəbbüsləri təşviq edir, həm milli, həm də regional səviyyədə iqtisadi və logistika imkanlarını artırır. Ümumilikdə, Azərbaycan-ŞƏT əlaqələri ölkənin ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını genişləndirir, Cənubi Qafqazda stabilliyi dəstəkləyir və Azərbaycanın beynəlxalq inteqrasiya prosesindəki rolunu gücləndirir. Fikrimcə, Tiencin sammiti də bu əlaqələrin yeni səviyyəyə çıxarılması və Azərbaycanın subregional lider kimi mövqeyinin təsdiqlənməsi üçün əhəmiyyətli platforma olacaq".
"Prezident İlham Əliyevin Çinə səfəri və belə bir mötəbər tədbirdə iştirakı ikitərəfli əlaqələrin gücləndirilməsi ilə yanaşı, Azərbaycanın regional proseslərin fəal iştirakçısı olduğunu, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə də önəmli töhfələr verdiyini göstərir. Hesab edirəm ki, Tiencin sammiti Azərbaycanın xarici siyasət kursunda mühüm mərhələdir. Prezident İlham Əliyevin sammitdə iştirakı və xüsusi qarşılanması göstərdi ki, Azərbaycan artıq yalnız regional deyil, qlobal əməkdaşlıqda yeni formatların qurucusu və təşəbbüskarı kimi qəbul edilir. Bu, Azərbaycanın həm Çinlə ikitərəfli əlaqələrini gücləndirəcək, həm də ŞƏT və "ŞƏT plyus" çərçivəsində təsir imkanlarını genişləndirəcək", - deputat əlavə edib.
S.Salmanova bildirib ki, Tiencin sammitində Azərbaycanın gündəliyi strateji əhəmiyyət daşıyır:
"Ölkəmiz, əsasən, iki istiqamətdə təşəbbüslər irəli sürüb. Onlardan biri Çin ilə birgə infrastruktur və texnologiya platformasının formalaşdırılması, digəri isə ŞƏT çərçivəsində regional assosiasiyaların yaradılması, yəni Bakı xəttinin inkişaf etdirilməsidir. Bu yanaşma Azərbaycanı təkcə milli maraqlarını gücləndirən tərəfdaş kimi deyil, həm də subregional əməkdaşlıq və inteqrasiya təşəbbüskarı kimi təqdim edir. Bu təşəbbüslər göstərir ki, Azərbaycan sammitdə yalnız öz milli maraqlarını müdafiə etmir, eyni zamanda, region xalqlarının ümumi rifahına və beynəlxalq əməkdaşlığa töhfə verir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevə Tiencində təkcə ayrı bir ölkənin lideri kimi deyil, subregional müttəfiqlik formatlarının lideri kimi də yüksək münasibət göstərilir. Bu, Azərbaycanın diplomatik fəallığını və çoxtərəfli əməkdaşlıq sahəsindəki mövqeyini bir daha təsdiqləyir".
"Azərbaycan Prezidentinin sammitdə iştirakı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzunun təsdiqi kimi qəbul edilir. Bu gün Bakı artıq təkcə Cənubi Qafqazda sabitliyin təminatçısı deyil, həm də subregional əməkdaşlıq modellərinin təşəbbüskarı və həyata keçiricisidir. Bu, Azərbaycanın həm Çinin "Bir kəmər, bir yol" təşəbbüsündə, həm də Avrasiyanın nəqliyyat və enerji dəhlizlərində strateji tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Tiencin sammiti göstərir ki, Azərbaycan çoxtərəfli əməkdaşlıq formatlarında passiv müşahidəçi mövqeyindən çıxaraq yeni ideyalar irəli sürən və onları reallaşdıran ölkəyə çevrilir. Bu, həm ölkəmizin siyasi çəkisini artırır, həm də Azərbaycanı qlobal əməkdaşlıq xəritəsində körpü rolunu oynayan etibarlı tərəfdaş kimi təqdim edir".
"Prezident İlham Əliyevin Çinə səfəri və ŞƏT Sammitində iştirakı Azərbaycanın həyata keçirdiyi çoxvektorlu xarici siyasətinin növbəti uğurlu addımıdır. Bu səfər yalnız ölkəmizin qlobal təşkilatlarla münasibətlərini möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda, Azərbaycanın regionda və onun hüdudlarından kənarda artan nüfuzunu, iqtisadi və siyasi qüdrətini əyani şəkildə nümayiş etdirir. Səfər gələcək perspektivlər baxımından da strateji əhəmiyyət daşıyır. Azərbaycanın ŞƏT platformasında daha fəal rol oynaması, həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin dərinləşdirilməsi üçün yeni imkanlar açır. Bu isə Azərbaycanın beynəlxalq diplomatiyada mövqeyini gücləndirir və çoxtərəfli əməkdaşlıq sahəsində təşəbbüskar kimi mövqeyini daha da möhkəmləndirir. Beləliklə, Prezident İlham Əliyevin səfəri və sammitdə iştirakı Azərbaycanın xarici siyasət strategiyasının uğurlu reallaşmasının növbəti göstəricisi olmaqla, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu daha da artıracaq", - parlamentari fikrini yekunlaşdırıb.
Mərahim Nəsib
Seçilən
85
50
oxu.az

10Mənbələr