Qubanın Qrız kəndinə gedən çəkiliş heyətinin üzvləri qəzaya düşüb.
Heftelik.az-ın APA-ya istinadən verdiyi mılumata görə, Qalayxudat kəndi yaxınlığında, yüksək dağlıq ərazidə “Mercedes” markalı yük avtomobili yoldan çıxaraq dərəyə aşıb.
Nəticədə 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə yaralanıb. Xəsarət alan 1977-ci il təvəllüdlü Rəhimzadə Ramil Bayram oğlu Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Quba rayonunun Qrız kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub, FHN-nin yanğınsöndürən xilasedici qüvvələri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı yük avtomobili dərəyə aşıb, 1 nəfər avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxsin meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
TƏBİB-dən bildirilib ki, Quba rayonunun Qalayxudat kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (kişi cinsli) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə daxil olan 1977-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda müalicəsi davam etdirilən pasiyentin vəziyyəti orta ağır qiymətləndirilir.
Qeyd edək ki, hadisə zamanı 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.