ABŞ Prezidenti Donald Trampın əlində yaranan göyərmə ilə bağlı sosial mediada və mətbuatda yayılan fərziyyələrdən sonra Ağ Ev rəsmi açıqlama yayıb.
"Cebheinfo.az" xəbər verir ki, bildirilib ki, Trampın əlindəki göyərmə tez-tez əl sıxması və standart ürək-damar profilaktikası çərçivəsində qəbul etdiyi aspirindən qaynaqlanır.
Trampın həkimi Şon Barbabella isə açıqlamasında deyib:
“Bu vəziyyət tez-tez əl sıxmaq və standart kardiyovaskulyar profilaktika rejiminin bir hissəsi olaraq qəbul edilən aspirin istifadəsi nəticəsində yaranan yüngül yumşaq toxuma qıcıqlanması ilə uyğun gəlir. Bu, aspirin müalicəsinin yaxşı bilinən və zərərsiz bir yan təsiridir”.
Trampın keçmiş həkimi və hazırda Nümayəndələr Palatasının üzvü olan Ronni Cekson isə Trampın “bu ölkənin gördüyü ən sağlam prezident” olduğunu bir daha vurğulayıb.
Tramp Cənubi Koreya Prezidenti Li Cae Myunqu Ağ Evdə qarşıladığı zaman əlindəki göyərmə yenidən diqqət çəkib.Bu zaman Trampın damar yolu ilə müalicə aldığı və ya mütəmadi qan testləri etdirdiyi barədə iddialar ortaya atılıb.
Ağ Evin sözçüsü Karolin Leavitt ötən ay ABŞ Prezidenti Donald Trampın sağlamlıq vəziyyəti ilə bağlı verdiyi açıqlamada, onun aşağı ayaqlarında yüngül şişkinlik müşahidə edildikdən sonra aparılan müayinədə “xroniki venoz çatışmazlıq” diaqnozu qoyulduğunu bildirmişdi.
Qeyd olunub ki, xroniki venoz çatışmazlıq xüsusilə 70 yaşdan yuxarı şəxslərdə tez-tez rast gəlinən bir haldır və Trampın ümumi sağlamlıq vəziyyəti əla olaraq qiymətləndirilir.