Son 5 ildə Azərbaycanda qeydə alınan abortların sayı açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Dövlət Statistika Komitəsinin açıqladığı rəsmi məlumatlar əsasında təhlil aparıb.
Təhlilin nəticələri göstərir ki, 2024-cü ildə ölkədə abortların sayı 2023-cü il ilə müqayisədə 6% və ya 4 429 vahid artaraq rekord həddə, 78 245-ə çatıb. Son 5 ildə bu mənfi göstərici sürətlə artır. Lakin öncəki illərdə bu artım daha yüksək olub. Məsələn, 2023-cü ildə 2022-ci il ilə müqayisədə ölkədə abortların sayı 27,3% və ya 15 817 vahid artıb.
2020-ci ildə ölkədə abortların sayı 34 719-ə bərabər olmuşdu. 2024-cü ildə qeydə alınan abort sayı həmin dövrlə müqayisədə 2,3 dəfə çoxdur. Ümumilikdə 5 il ərzində ölkədə qeydə alınan abortların ümumi sayı 291 656 olub.
Abortların sayına hər yaş qrupu üzrə ayrı-ayrılıqda baxsaq, son 5 il ərzində bütün yaş qrupları üzrə ən pis göstəricinin məhz 2024-cü ildə qeydə alındığını görərik. Ən pis göstərici 30-34 yaşlılara aiddir ki, bu yaş qrupunda olan qadınların etdiyi abortların sayı 2024-cü ildə 23 645 olub. Qeyd edək ki, bu yaş qrupu son 4 ildə say etibarı ilə ən pis göstəricini özündə saxlayır. Həmçinin 2020-ci il ilə müqayisədə 2024-cü ildə bu yaş qrupuna aid qadınların abort sayı 2,5 dəfə artıb.
İkinci sırada isə 25-29 yaşlı qadınlar yer alır ki, onların abortlarının sayı 2024-cü ildə 23 468-ə bərabər olub. Bu yaş qrupunun göstəricisi 2020-ci il ilə müqayisədə 2,1 dəfə artıb.
35 və daha yuxarı yaşlı qadınların abortlarının sayı isə 2024-cü ildə 15 327 olub. 2020-ci il ilə müqayisədə bu yaş qrupunun abort sayı 2,8 dəfə artıb.
20-24 yaşlı gənc xanımların abort sayı son 5 ildə 1,7 dəfə artaraq 13 054-ə çatıb.
Statistikada 15-19 yaşlı gənclərin də adı çəkilir ki, onlar arasında abort edənlərin sayı 2024-cü ildə 2 751 nəfər olub. Onların sayı isə 2020-ci il ilə müqayisədə 2,1 dəfə artıb.
Ümumilikdə son 5 ildə ölkədə 291 656 abort qeydə alınıb ki, onların böyük hissəsi 25-29 və 30-34 yaşlı qadınların payına düşür. 5 il ərzində abort edən 25-29 yaşlı qadınların sayı 87 145, 30-34 yaşlı qadınların sayı isə 86 982 olub. Onlar müvafiq olaraq ümumi göstəricinin 29,88% və 29,82%-ni təşkil edib.
35 və daha yuxarı yaşlı abort edən qadınların sayı son 5 ildə 55 503-ə bərabər olub. Onların sayı ümumi göstəricinin 19,03%-ni əhatə edib.
5 il ərzində abort edən 20-24 yaşlı qadınların sayı 50 872 olub. Onlar da öz növbəsində ümumi göstəricinin 17,44%-ni təşkil edib.
2020-2024-cü illərdə 15-19 yaşlı abort edənlərin sayı 11 154-ə bərabər olub ki, bu, ümumi göstəricinin 3,82%-i deməkdir.
Hər üç ölkənin Dövlət Statistika Komitəsinin internet ünvanlarından əldə olunan rəsmi məlumatlara əsasən son 5 il ərzində abort sayına görə Cənubi Qafqazda ən pis göstərici 291 656 abort ilə Azərbaycanda qeydə alınıb. İkinci sırada 80 077 abort ilə Gürcüstan, son sırada isə 54 413 abort ilə Ermənistan yer alır.
Üç ölkənin də eyni ardıcıllıq ilə əhali sayının fərqli olmasının statistikaya təsir etdiyini düşünə bilərik. Amma təxmini hesablama apardıqda *(dəqiqlik 95%) son 5 ildə hər 100 qadına düşən abort sayının Azərbaycanda daha yüksək olduğunu görürük. Yəni son 5 ildə hər 100 qadına düşən abort sayı Azərbaycanda 5,7-yə, Gürcüstanda 4,2-yə, Ermənistanda isə 3,5-ə bərabər olub.
*(dəqiqlik 95%) Səbəb: Ermənistanın rəsmi mənbələrində 2020-2023-cü illərin abort sayı qeyd olunsa da, 2024-cü ilin nəticələri qeyd olunmayıb. 2020-2023-cü illərdə abort sayı 10-11 min aralığında olduğu üçün hesablama zamanı 2024-cü il üçün də bu aralıqda saydan istifadə olunub. Gürcüstanın statistikasında isə heç bir problem yoxdur.