AZ

Azad, abad Laçın, Şəhər Günün mübarək!

2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində 30 illik işğala son qoyuldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata əsasən həmin il  dekabrın 1-də Laçın rayonu Ermənistan ordusu tərəfindən boşaldıldı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 2022-ci il 26 avqust tarixində  dövlətimizin başçısı  İlham Əliyev  Azərbaycan xalqına bu müjdəni çatdırdı: “Bu gün, avqustun 26-da biz - azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Prezident İlham Əliyevin tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlarından biri 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan  azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamıdır. Bu sənədə əsasən artıq üçüncü ildir ki,  26 avqust Laçın Şəhəri Günü kimi qeyd edilir. Təbii ki, şəhər günlərinin təsis edilməsi özündə mühüm çağırışları ehtiva edir. Bu günlər indiki və gələcək nəsillərə  tarixi Zəfərimizə gedən yolun reallıqlarını çatdırmaqla yanaşı,  artıq işğal deyil, torpaqlarımızın azad edildikləri tarixi yaddaşlarına əbədi həkk etməyi bir tələb kimi qarşıya qoyur. Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Bu,  onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. 

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili vurğulayıb ki, böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən məhv edilib, beynəlxalq və yerli əhəmiyyətli tarixi abidələr vandalizmə məruz qalıb. Laçının ermənilərə təhvil verilməsinin arxasında məkrli siyasi niyyətlər, xəyanət dayanmışdı. AXC-Müsavat cütlüyü hakimiyyəti zəbt etməyə can atırdı. Hakimiyyəti ələ keçirmək üçün ən çirkin əməllərə əl atdılar, təcavüzkar Ermənistan tərəfindən Şuşanın, Laçının  işğal edilməsinə şərait yaratdılar. Beləliklə Şuşa, Laçın düşmənə təhvil verildi. Hər bir kəndin, şəhərin işğala məruz qalması böyük faciə idi. Amma Laçının işğalı strateji nöqteyi-nəzərindən  fəlakət idi. Çünki Ermənistanla keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasında coğrafi əlaqə yaradılırdı və sonrakı itkilərimizin başlanğıcı məhz Şuşa və Laçının itirilməsi oldu.

 Vüqar Rəhimzadə qeyd edib ki, otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın bu gün özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim  diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna 8 dəfə səfər edib. Bu səfərlər Böyük Qayıdışa xidmət edən mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalıb. 2023-cü ilin 28 May-Müstəqillik Günü laçınlıların Laçın şəhərinə qayıdışı ilə tarixə yazıldı. Dövlətimizin başçısı İlham Əliyev Laçın şəhərinə qayıdan əhali ilə görüşüb evlərin açarlarını onlara təqdim edərkən  azad edilmiş torpaqlarımızda aparılan geniş miqyaslı bərpa-quruculuq işlərinin fonunda bu çağırışı səsləndirmişdir ki, biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra  demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun.

  Milli Məclisin deputatı bildirib ki, bütövlükdə Laçında 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib. Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın  tikintisi planlaşdırılır. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçında bərpa və quruculuq işləri istehsal müəssisələrinin yaradılması ilə paralel şəkildə davam etdirilir. Bu işlərdən biri də Laçın rayonunun sənaye zonasında yaradılan mebel fabrikidir. Laçın şəhərində yaradılan “Laçın Aqro-Sənaye Parkı”nda ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada mebel fabrikləri, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, kiçikbuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi və digər müəssisələr yaradılacaq. Laçın rayonunda heyvandarlığın inkişafı üçün böyük imkanlar var. Laçın rayonunda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. 2023-cü ilin avqustun 25-də “Həkəri Balıq Təsərrüfatı” fəaliyyətə başlayıb. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Təbii ki, bunlar görülən və görüləcək işlərin yalnız az bir hissəsidir. Bütün bunlar bu reallığı təsdiqləyir ki, müasir tələblər səviyyəsində həyata keçirilən bərpa-quruculuq işlərində əsas hədəf dogma yurda qayıdan soydaşlarımızın yaşayış şəraitinin və  məşğulluğunun yüksək səviyyədə təmin edilməsidir.

Vüqar Rəhimzadə vurğulayıb ki, 2023-cü ilin 28 may tarixindən başlayaraq laçınlıların doğma yurda qayıdışına start verilib. Laçınlılar 31 ildən sonra öz doğma şəhərlərinə, kəndlərinə qayıdıblar və artıq burada yaşayırlar. Köçürülən ailələrin Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşması üçün bütün şərait yaradılıb. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571,  Zabux kəndinə 217,  Sus kəndinə 59,  Bəylik kəndinə 89 ailənin daimi məskunlaşması təmin edilib. Təbii ki, bu rəqəmlər son deyil. Soydaşlarımızın  mərhələ-mərhələ azad edilmiş  şəhər və kəndlərə qayıdışı davam edir.

Millət vəkili diqqəti bu ilin 28 May-Müstəqillik Günündə dövlət başçısı İlham Əliyevin Laçın rayonuna səfərinə yönəldərək tarixə yazılan iki mühüm hadisədən bəhs edib. Həmin tarixdə Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə  işğaldan azad edilmiş ərazilərimizdə  sayca üçüncü olan Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. 28 May-Müstəqillik Günündə Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın şəhərində Zirvə görüşü keçirildi. Laçın şəhəri diplomatik mərkəz kimi dünyanın diqqətində oldu. Bu məkandan tarixi Zəfərimizin reallıqları fonunda yaradılan yeni əməkdaşlıq formatı təqdim edildi. Zirvə görüşündə bu fikir səsləndirildi ki, füsunkar Laçında üçtərəfli tərəfdaşlığımızı xalqlarımızın istəyinə uyğun olaraq yeni səviyyəyə qaldırmaq arzusundayıq. Həmin arzu heç kəsi təəccübləndirməməlidir. Çünki Azərbaycan, Türkiyə və Pakistan əsrlər boyu təşəkkül tapmış birgə dəyərlərə və qarşılıqlı dəstəyə əsaslanan dərin tarixi, mədəni və mənəvi tellərlə bağlıdır. Onu da qeyd edək ki,  MDB Humanitar Əməkdaşlıq Şurasının 8 oktyabr 2024-cü il tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan olunub.

Vüqar Rəhimzadə bildirib ki, azad Qarabağımız və Şərqi Zəngəzurumuz sözün əsl mənasında cənnət məkana çevrilir. Bu torpaqlara qayıdan soydaşlarımızın timsalında isə Azərbaycan xalqının əyilməz ruhunu görürük.

Seçilən
7
6
sabahinfo.az

7Mənbələr