AZ

Tələbə adını qazanan ŞƏHİDİN OĞLU: Atam qəbul olduğumu görsəydi çox sevinərdi

Milli Qəhrəman Şükür Həmidovun oğlu Nurlan Həmidli tələbə adını qazanıb. Belə ki, o, Türkiyənin Eskişehir Osmanqazi Universitetinə qəbul olub. 

AzEdu.az bu münasibətlə şəhidin oğlu ilə əlaqə saxlayıb təəssüratlarını öyrənib.

Nurlan qeyd edib ki, təhsilini biznesin təşkili və idarəolunması ixtisası üzrə (türkçə: işletme) davam etdirəcək:

“Ali məktəbə qəbul olduğum xəbərini ilk anam söylədi. Eşidən zaman sevinc hissi keçirdim. İnsan çəkdiyi əziyyətin qarşılığını görəndə düşünür ki, əgər bu gün məqsədinə çata bilibssə deməli gələcəkdə daha da irəliyə doğru addım ata biləcək. Şükür Allaha bu gün əziyyətimin qarşılığını gördük. Əslində ali məktəbə qəbul olmaq hələ heç nə demək deyil. Bu, bir sadəcə başlanğıcdır. Həyat bundan sonra başlayır. Bu gün hamımız sevinib fəxr edirik ki, əziyyətimiz yerdə qalmadı.

Valideynimin məsləhəti ilə xaricdə təhsil almağı seçdim. Seçdiyim ixtisas uşaqlıq illərimdən atamın arzusu olub. Buna görə də bu sahə üzrə irəliləmək istədim. Atam bu ixtisas üzrə özü məni hazırlaşdırırdı. Bu gün qəbul olduğumu görsəydi çox sevinərdi. Çünki onun hazırlaşdırdığı və seçdiyi ixtisas üzrə irəliləyəcəm.

Gələcəkdə magistratura üzrə xaricdə təhsil almaq fikrim var. Əslində xaricdə işləmək kimi bir fikrim yoxdur. Təhsilimi başa vurduqdan sonra geri dönüb vətənimə xeyirli övlad olmaq istəyirəm.Tələbə adını qazanmaq istəyən abituriyentlərə tövsiyə edirəm ki, qarşısına məqsəd qoysunlar. Bu istiqamət üzrə addımlasınlar. Heç bir çətinlikdən qorxmasınlar".

Qeyd edək ki, Milli Qəhrəman Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Seçilən
47
27
azedu.az

10Mənbələr