Cari ilin sonudadək Gəncə İnnovasiya Mərkəzinin yaradılması, həmçinin Naxçıvan Dövlət Universitetində də prototipləşdirmə laboratoriyasının təsis edilməsi nəzərdə tutulub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov regionlarda həyata keçirilən innovasiya proqramının yekun təqdimat günündə deyib.
O bildirib ki, məqsəd nəinki Bakıda, eləcə də regionlarda startap ekosisteminin güclənməsini infrastruktur, maliyyə, insan kapitalı və texnoloji icma quruculuğu istiqamətlərində dəstəkləməkdir: "Regionlarda innovasiya fəaliyyətinin genişlənməsi gənclər arasında innovativ sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsinə və bunun da növbəsində hər regionun spesifikasından asılı olaraq sosial-iqtisadi artımına səbəb olur. Bölgələrdə reallaşdırılan İnnostart, "4ü1arada" (dördü bir arada) və elektron ticarətin inkişafına yönəlmiş "ecomX" kimi digər layihələrin təməl məqsədi məhz budur".
Nazir müavini qeyd edib ki, "ecomX" layihəsində Gəncə, Lənkəran və Sumqayıt şəhərləri və ətraf ərazilərdən 500-dən çox vətəndaş iştirak edib: "Layihə çərçivəsində elektron ticarət haqqında maariflənmə proqramı və inkubasiya proqramı keçirilib, 15 yeni e-ticarət platformasının formalaşdırılmasına nail olunub. Proqramın yekununda həyata keçirilmiş "Demo Day" tədbirində 30 000 AZN dəyərində pul mükafatı layihələrin inkişaf etdirilməsi üçün komandalara təqdim edilmişdir.
"4ü1arada" layihəsi çərçivəsində həyata keçirilən təlim və mentorluq proqramında 32 startap layihəsinin formalaşmasına nail olunmuşdur ki, həmin startapların inkişafı Qubada və İsmayıllıda təşkil edilmiş bootcamp-larda dəstəklənmişdir".