AZ

"Tehran yeni müharibəyə hazırlaşır: İsrail, ABŞ və Avropaya raket hədələri" -  İsrail mətbuatı

"Təbiətdə zəiflər həmişə məğlub olur, ona görə də İran güclü olmalıdır..."

İran rəhbərliyi son həftələrdə getdikcə daha açıq şəkildə İsrail və ABŞ-a qarşı sərt mövqeyini nümayiş etdirir.

Moderator.az xəbər verir ki, bu barədə "İsraelinfo.co" nəşri yazıb.

Ali dini lider Ayətullah Xameneinin hərbi müşaviri, general Yəhya Rəhim Səfəvi bəyan edib ki, hazırkı atəşkəs əslində müharibənin növbəti mərhələsidir: "Biz sülh vəziyyətində deyilik, biz hələ də müharibədəyik. ABŞ və ya İsraillə heç bir protokol və ya razılaşma yoxdur".

Onun sözlərinə görə, qarşıda daha bir böyük müharibə baş verə bilər və bu, bölgədə sonuncu həlledici toqquşma ola bilər. Səfəvi "İranın strateji planını" açıqlayaraq vurğulayıb ki, ölkə diplomatik, informasiya, raket, pilotsuz uçuş aparatları və kibermüharibə sahələrində gücünü artırmalıdır. "Təbiətdə zəiflər həmişə məğlub olur, ona görə də İran güclü olmalıdır", - o, bildirib.

Raket təhdidləri və qlobal iddialar

İran parlamentinin deputatı Əmir Həyyat-Müqəddəm isə daha da irəli gedərək, ABŞ və Avropanı raket zərbələri ilə hədələyib. Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusu artıq 20 ildir ki, uzaqmənzilli raket daşıyan dəniz platformaları üzərində işləyir:

"Gəmilərimizi ABŞ sahillərindən 2 min km məsafəyə qədər irəlilədə bilərik və oradan Vaşinqton, Nyu-York və digər şəhərlərə zərbə endirə bilərik. Avropanın bütün ölkələri isə indi artıq bizim raketlərimizin radiusundadır". Bu ritorika İsrail ordusunun "yeni zərbələrə hazırıq" bəyanatları və İran Baş Qərargahının "ABŞ və İsrail hücum etsə, cavab daha sərt olacaq" xəbərdarlıqları ilə üst-üstə düşür.

GPS bloklanması və iqtisadi xaos

Tehran təkcə sözlə kifayətlənmir, həm də texnoloji tədbirlər görür. Son iki aya yaxın müddətdə İran paytaxtında GPS siqnalları məqsədli şəkildə boğulur. Bu, İsrailin dron və raketlərini çaşdırmaq üçün nəzərdə tutulub. Lakin bu addım gündəlik həyatda ciddi çətinliklər yaradıb: taksi sifarişi, çatdırılma xidmətləri, hətta "Google Maps" və yerli "Neşan" xəritə proqramı düzgün işləməyib.

Bir çox hallarda istifadəçilər özlərini real mövqelərindən yüzlərlə kilometr uzaqda görürlər. Sahibkarlar isə xəbərdarlıq edir ki, GPS-dəki bu pozuntular iqtisadiyyatı daha da dərin böhrana sala bilər. İran rəsmiləri alternativ texnologiyalara, məsələn, Çin istehsalı olan "Baydu" peyk sisteminə keçidi müzakirə edir. Amma ekspertlər xəbərdarlıq edir ki, müharibə zamanı həmin sistem də eyni dərəcədə düşmənlərin hədəfinə çevriləcək.

Gərginliyin fonunda daxili böhran

Tehran rəhbərliyinin müharibə ritorikası ölkədə artan elektrik və su qıtlığı, həmçinin BMT sanksiyalarının bərpa olunması təhlükəsi fonunda davam edir. Bəzi iranlı deputatlar artıq açıq şəkildə hökuməti xarici siyasət kursunu dəyişməyə çağırır. Bununla belə, hazırkı kurs göstərir ki, İran özünü həm ideoloji, həm hərbi, həm də texnoloji cəhətdən yeni müharibəyə hazırlayır. Bu isə təkcə Yaxın Şərq üçün deyil, həm də Avropa və ABŞ üçün ciddi təhlükə siqnalıdır.

Seçilən
25
50
moderator.az

10Mənbələr