ABŞ Prezidenti Donald Tramp avqustun 18-də Ukrayna Prezidenti Volodimir Zelenskini mümkün sülh sazişinin şərtlərini müzakirə etmək üçün qəbul edəcək. Bir neçə saatdan sonra baş tutacaq görüş barədə “Bloomberg” yazır ki, ABŞ-nin əsas diqqəti Moskvadan gələn ərazi güzəştləri tələbinə yönəlsə də, Kiyev mümkün təhlükəsizlik zəmanətlərini rəsmiləşdirməyə çalışacaq. Mənbə qeyd edir ki, liderlər arasında baş tutacaq görüş ilə bağlı Avropa müttəfiqləri narahatdırlar. Çünki onların Ukraynanın rədd edə biləcəyi Trampın tələblərinə qarşı təsir imkanları məhduddur. Bundan əlavə, Kremlin həqiqətən sülh istədiyinə də şübhə ilə yanaşırlar. Eyni zamanda, Donald Tramp tez bir sülh sazişi əldə etmək istəyir, lakin bunu necə edəcəyini dəqiq açıqlamayıb. "Bloomberg"in məlumatına görə, telefon danışığında ABŞ prezidenti Zelenskiyə və Avropa liderlərinə Vaşinqtonun təhlükəsizlik zəmanətlərində iştirakına açıq olduğunu bildirib. O, həmçinin tez bir razılaşma əldə etmək istədiyini, Ukraynanı buna razı salmağa çalışacağını və məqsədinin Putinlə Zelenskinin bir həftə ərzində görüşünü təşkil etmək olduğunu qeyd edib. Görüş ilə bağlı siyasi şərhçi Elmir Səftərov Metbuat.az-a bildirib ki, hazırkı mərhələdə həm Rusiya–Ukrayna müharibəsi ilə bağlı diplomatik səylərin aktivləşməsi, həm də Ukraynanın müttəfiqlərinin fəallaşması müşahidə olunur:
“Görüşdə Ukrayna və tərəfdaşları ABŞ-la vahid gündəm formalaşdırmağa çalışaraq, Cozef Bayden dövründə olduğu kimi Vaşinqtonun Kiyevin təhlükəsizliyinə dəstəyini davam etdirməsi və birgə mövqe sərgiləməsini təmin etmək istəyirlər. Trampın Putinlə danışıqlarında atəşkəs olmadan birbaşa sülhlə bağlı razılaşma əldə etməsi Ukraynanın bəzi Avropa müttəfiqləri ilə fikir ayrılığına səbəb olsa da, bu görüşdə həmin anlaşılmazlıqlar müzakirəyə çıxarılaraq həll edilməyə çalışılacaq. Avropa liderləri Tramp ilə müzakirələrdə, münaqişə başa çatdıqdan sonra Ukraynaya müttəfiq qüvvələrin cəbhədən uzaq ərazilərdə yerləşdirilməsini gündəmə gətirərək Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirlərinin vacibliyini vurğulayacaqlar”. Ekspert hesab edir ki, sürətlə dəyişən siyasi gündəmin fonunda Putinin Ukraynanın NATO-ya üzvlüyünə qarşı çıxması ABŞ-dəki görüşdə də müzakirə mövzusu olacaq: “Zelenski müttəfiqlərindən, xüsusilə də sülh prosesində əsas rol götürən Trampdan effektiv təhlükəsizlik zəmanətləri tələb edəcək. Bu addımı o illər əvvəl olduğu kimi ölkəsinin yeni ərazi itkiləri ilə üzləşməsi təkrarlanmasının qarşısını almaq üçün ata bilər. Mümkündür ki, Putin Trampla görüşündə Avropanı danışıqlara maneə kimi gördüyünü açıq şəkildə ifadə edib. Zelenski və tərəfdaşları bu dəfə kənarda qalsalar da, Ukrayna lideri ölkəsi ilə bağlı proseslərdə ABŞ və Avropanın birgə iştirakının zəruri olduğunu bildirir. ABŞ isə vasitəçi kimi balanslı mövqe sərgiləməyə çalışır”. Elmir Səftərov qeyd edib ki, Avropa liderləri Zelenskinin mövqeyini möhkəmləndirməyə və ABŞ-nin münaqişənin həllində əsas rolunu önə çəkməyə çalışacaqlar. Onlar Ukraynaya real və etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini gündəmə gətirəcəklər: “ABŞ əsasən sülhdən sonrakı mərhələdə belə təminatların nəzərdən keçirilməsində maraqlıdır. Avropa tərəfi isə bu təminatların praktik xarakter daşımalı və Avropanın da iştirakı ilə hazırlanmalı olduğunu vurğulayır. Trampın son günlərdə Rusiyanı “çox böyük güc” adlandırması və Ukraynanın NATO-ya qəbulunu mümkünsüz hesab etməsi Zelenskiyə psixoloji təzyiq kimi dəyərləndirilir və ABŞ–Rusiya ortaq yanaşmasının konturlarını göstərir. Zelenskinin etirazına baxmayaraq, Ukraynanın müəyyən güzəştlərə getməsi məsələsi də müzakirə olunacaq. Ola bilsin ki, bu məsələdə Zelenski müəyyən şəkildə razı salınmağa çalışılsın. Avropa liderləri isə Zelenskinin təzyiq altında qalma ehtimalını nəzərə alaraq görüşdə iştirak etməklə həm də sonuncu “Oval ofis”də baş verən vəziyyətin təkrarlanmamasına səy göstərəcəklər”, - deyə Elmir Səftərov əlavə edib. Gülbəniz Hüseynli / Metbuat.az