
Avropalı diplomatlar amerikalı həmkarlarından ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Vladimir Zelenski və Rusiya prezidenti Vladimir Putin arasında bu həftənin sonunda baş tuta biləcək üçtərəfli görüşə hazır olmaq tələbi alıblar.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı “Sky News” yayıb.
Məlumata görə, avropalı diplomatlar Tramp, Zelenski və Putin arasında mümkün üçtərəfli sammitin harada keçiriləcəyi ilə bağlı hələlik razılığa gələ bilmirlər. Jurnalistlər ABŞ, Ukrayna və Avropa ölkələri liderlərinin Vaşinqtondakı bugünkü görüşünün nəticələrinin gələcək sammitə təsir edə biləcəyini vurğulayıblar.
Nəşrin yazdığına görə, ABŞ və Avropa İttifaqı ölkələri Tramp, Zelenski və Putin arasında görüşün Avropada keçirilməsini vacib sayırlar.
Jurnalistlər əlavə ediblər ki, ötən həftə sonu İtaliyanın baş naziri Giorgia Meloni “İstəklilər koalisiyası”-nın videokonfransı zamanı üçtərəfli sammitin keçiriləcəyi yer kimi Romanı təklif edib. Fransa prezidenti Emmanuel Makron isə görüşün Cenevrədə keçirilməsində israrlıdır.
Bundan əlavə, İtaliya və İsveçrə xarici işlər nazirlikləri Tramp-Zelenski-Putin danışıqlarına ev sahibliyi etməyə hazırdırlar. Hazırda Avropa İttifaqı ölkələrinin diplomatları Budapeşt və Helsinki də daxil olmaqla, görüş üçün başqa yerləri nəzərdən keçirirlər.
Daha əvvəl “Financial Times” Ukrayna rəsmilərinin bəyanatlarına istinadla yazıb ki, Ukrayna prezidenti Zelenski ABŞ lideri Trampla görüşdə Ukrayna qoşunlarının Donetsk və Luqansk vilayətlərindən çıxarılması tələblərindən yayınaraq, müharibənin sülh yolu ilə həlli prosesini qurmağa çalışacaq.
Qeyd olunur ki, Ukrayna lideri hazırkı cəbhə xəttində “məqbul kompromislər” etməyə hazırdır. Nəşrin məlumatına görə, bu gün Zelenskinin prezidentliyi dövründə ən mühüm görüşlərindən biri olacaq.
Y. QACAR