Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Alyaskada Tramp-Putin zirvəsi Rusiyanın çoxdan arzuladığı "geosiyasi ticarət" üçün bəlkə də son real pəncərə idi. Lakin nəticə ortadadır: Kreml nə atəşkəs əldə edə bildi, nə sanksiyaların yumşaldılmasını, nə də Ukraynanın suveren hüquqlarını zədələyəcək hüquqi-siyasi güzəştlərə nail oldu".
Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

O qeyd edib ki, görüşdən geriyə Rusiya üçün yalnız şişirdilmiş təbliğat şüarları və daxili auditoriyaya hesablanmış görüntülər qaldı:
"Zirvədən sonra mətbuat qarşısında sualsız, detalsız qısa çıxışlar və konkret sənədin yoxluğu Moskvanın əlinin boşa çıxdığını ən sərt şəkildə nümayiş etdirir. Təsadüfi deyil ki, ABŞ mediası və beynəlxalq müşahidəçilər görüşü "razılaşmasız bitən" proses kimi qiymətləndirirlər. Hətta zirvə sonrası kommunikasiya da simvolik xarakter daşıyırdı - sual-cavabdan yayınma, qeyri-müəyyən formullar və "gələcəkdə ola bilər" kimi həvəssiz ritorika… Bu, Kreml üçün strateji uğursuzluqdur, çünki Moskva özünün sahədə üstünlük kimi təqdim etdiyi iddiasını Alyaskada diplomatik dividendlə möhkəmləndirə bilmədi.
Mətbuata sızan məlumatlardan da belə anlaşılır ki, Putin Donbas da daxil olmaqla bir sıra ərazilər üzrə maksimalist tələblər irəli sürüb. Lakin nə Vaşinqton, nə də Kyiv bunu qəbul edib, əksinə, Aİ ölkələri və Ukrayna rəhbərliyi suverenlik və ərazi bütövlüyü xəttini daha da sərtləşdiriblər. Bu isə Kremli "ya indi, ya da heç vaxt" məntiqindən real siyasətin soyuq "divarına" söykəməyə məcbur edib.
Diqqətçəkən məqamlardan biri də budur ki, görüşdən sonra gündəmi Alyaska zirvəsi yox, Ukraynaya təhlükəsizlik zəmanətlərinin mümkünlüyü formalaşdırıb. Başqa sözlə, Kreml dialoqu sanksiyaların zəiflədilməsi və "zonaların" tanınması məcrasına çəkmək istəyirdi, amma müzakirələr Qərbin Ukraynanı daha sərt qoruma altına alması üçün hərəkətə keçməsi ilə nəticələndi. Bu, Rusiyanın strateji planına qarşı geosiyasi "bumeranq" hesab oluna bilər".
E.Mirzəbəyli vurğulayıb ki, Rusiya mediasının və təbliğatçılarının iddialarında görüşdən sonra "Rusiya təcridi yardı" kimi təbliğat xarakterli iddialar səsləndirilir:
"Lakin uğurun qiyməti bir qayda olaraq konkret nəticə ilə ölçülür. Hazırda isə heç nə dəyişməyib. Sanksiyalar yerində qalır, Rusiyanın iddiaları sərt şəkildə rədd edilir və ortalıqda nə hüquqi öhdəlik var, nə də yazılı razılaşma. "Siyasi şou" elementləri - qırmızı xalça, Lavrovun köynəyi Moskvanın daxili təbliğatına material verə bilər, amma geosiyasətdə "protokol" deyil, "kağız" danışır. Bu kağız isə yoxdur.
Alyaskada keçirilən görüş nəticə doğurmayan kulis və ya "heç nə diplomatiyası" da adlandırıla bilər. Çünki görüş nəticəsində kommunikasiya üçün heç bir işlək mexanizm qurulmadı, işçi nahar belə ləğv olundu və deməli, hətta texniki qruplar səviyyəsində belə hansısa bir neçə cümləlik də olsa konkret mətnin hazırlanmasına nail olunmadı. Bu isə diplomatiyada "çılpaq mətbəx" sindromu sayılır. Yəni vitrin var, yemək yoxdur…
Kreml mediasının "uğur" hekayəsi artıq reallıqla toqquşur. Çünki nə atəşkəs var, nə də Rusiyanın əlini gücləndirən hüquqi-siyasi dəyişiklik. Bu isə informasiya müharibəsində Moskvanın mesajlarını zəiflədir.
Alyaska zirvəsi Moskvanın "tez və sərfəli sövdələşmə" ümidini alt-üst edib. Kreml cəbhədə resurs tükənməsi, arxa cəbhədə yeni sanksiya təzyiqləri, diplomatiyada isə "güzəşt al, sanksiya sat" ticarətinin iflası ilə üz-üzədir. Bu baxımdan, düşünürəm ki, zirvə Moskvanın əlini gücləndirməyib, əksinə, Rusiya indi daha sərt oyun qaydaları ilə üz-üzədir".
Əzizə İsmayılova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.