ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
"İranın ABŞ-yə dənizdən zərbə endirməsi bir qədər xəyal kimi görünür. Çünki İran əgər Körfəzdən Amerikaya zərbə endirəcəksə, uzun mənzilli raketə malik olmalıdır. İkinci olaraq, bunun üçün ya Sakit okeanda, ya da Atlantik okeanda İranın hərbi dəniz donanması bazası olmasına ehtiyac var. İranın belə bir hərbi bazası mövcud deyil. Yaxud İran həmin bölgədə hərbi dəniz donanması çıxartmalıdır. Bu məqsəd ABŞ-ni vurmaq üçün olmalıdır. Lakin İranın bu niyyəti məlum olarsa, onun bunu həyata keçirməsi çətin olar".
Bu sözləri Redaktor.az-a İranlı deputat Əmir Həyat Moqəddəmin SEPAH 20 ildir ABŞ-yə dənizdən hücum texnologiyası üzərində işləyir və artıq İran gəmiləri ilə Vaşinqton, Nyu-York kimi şəhərləri hədəfə almaq imkanına malikdir fikirlərinə münsibət bildirən politoloq Sədrəddin Soltan bildirdi.
"İran əgər ABŞ ərazisinə zərbə endirmək istəyirsə, elə ABŞ-nin Körfəzdəki və ya Yaxın Şərqdəki hərbi bazalarını vursun. Amerika Birləşmiş Ştatları niyə vurur? Çünki ABŞ İrana zərbələri ABŞ ərazisindən raketlə endirməyib. İranın ərazisi ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarından vurulub. Odur ki, deputatın dedikləri daha çox nağıla, yaxud arzuya oxşayır.
Amerikanı vurmaq üçün İranın qitələrarası raketə malik olması lazımdır. İranın hazırda elə bir raketə malik olduğu məlum deyil. Əgər İranın belə raketi varsa, onu ya Rusiyadan, ya da Çindən, hətta Şimali Koreyadan ala bilər. Həm Rusiya, həm Çin, həm də Şimali Koreya ABŞ-yə qarşı olduqlarından, İranın Birləşmiş Ştatlarla münasibətindəki ziddiyyət və qisasçılıq hissi səbəbindən ona bu silahı verə bilərlər. Bu isə SEPAH-ın təmsilçilərinin iddialı danışığına görə İranın Rusiya və Çindən təhlükəli silahlara malik olduğunu ehtimal etməyə əsas verir".
Siyasi şərhçi əlavə etdi ki, İran ABŞ ilə münasibətlərin normallaşmasına çalışır, xüsusən hakimiyyətdaxili islahatçı xətt tərəfdarları bu istiqamətdə açıqlamalar və bəyanatlar verirlər.
"Hətta İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamneyinin də ABŞ ilə danışıqlara razılıq verdiyi barədə xəbərlər yayılır. Belə bir şəraitdə bu tip xəbərləri İnqilab Keşikçiləri Qvardiyası yəni, SEPAH, SEPAH-a bağlı şəxslər, SEPAH-ın yüksək rütbəli vəzifəli şəxsləri və mühafizəkar düşüncəli, reallığı dərk etməyə hələ də qabiliyyəti çatmayan siyasətçilər deyə bilərlər. SEPAH üçün ABŞ ilə İranın münasibətlərinin normallaşması, onun və ona bağlı qüvvələrin zəifləməsinə səbəb ola bilər. Ona görə də onlar bütün istiqamətdə təbliğatlarını ABŞ-ni vurmaq, ABŞ-ni , İsraili hədələmək kimi mənasız və reallığa qarşı tuşlanmış fikirlərlə aparırlar",- deyə müsahibimiz bildirdi.
Xədicə BAXIŞLI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.