Rusiyada “vatsapp” və “teleqram” vasitəsilə zəng etmək, əlaqə saxlamaq demək olar mümkün deyil. Rusiya mediasında və sosial şəbəkələrdə dərc edilən məlumatlardan belə nəticə çıxır.
Eyni zamanda, Rusiya Federasiyasının Zabaykalsk diyarı və Rusiya tərəfindən ilhaq edilmiş Krımda bir çox yanacaqdoldurma məntəqələri benzinin fiziki şəxslərə satışını dayandırıb. Artıq benzin yalnız xüsusi kartlar - talonlar təqdim edildikdən sonra müəssisə və təşkilatlara satılır.
Aİ-95 benzini Zabaykalsk diyarının Krasnokamensk və Borzya şəhərlərinin sakinləri üçün əlçatmaz olub. Rəhbərlik sakinlərə ehtiyatların qurtardığını deyib. Hələ avqustun əvvəlindən Çitadakı yanacaqdoldurma məntəqələrində bu markalı yanacağın satışı hər avtomobil üçün on litrlə məhdudlaşdırılıb.
Krımda da əksər yanacaqdoldurma məntəqələrində AI-95 benzini yoxa çıxıb və o, əsasən müəssisələrə talonla, özü də yüksək qiymətə satılır.
Daha əvvəl “Reuters” yanacaq bazarı iştirakçılarına istinadla xəbər vermişdi ki, avqust və sentyabr aylarında Rusiyada benzinin tədarükündə fasilələr gözlənilir. Nəşr qeyd edir ki, Rusiyada benzinin qiyməti ixraca qoyulan qadağaya baxmayaraq artmaqda davam edir və avqustda məhsulun bahalaşmasına qıtlıq təhlükəsi də əlavə oluna bilər.
Bir sözlə, rusların “SSRİ arzusu” rellaşmaqdadır. Benzin talonla satılır, sosial şəbəkələr getdikcə bağlanır, bu gedişlə, bir azdan internet də ləğv olunacaq, ətrafda hər kəs düşməndir və sair. Qalır yağın, ətin, hətta çörəyin talonla satılması, Kommunist partiyası, Lenin-Stalin ideologiyası, pioner qalstuku və s. bu kimi “xoş xatirələri” dirçəldib, reallığa çevirmək.
AzPolitika.info