BAKI, 18 avqust. TELEQRAF
Cari ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının ümumi həcmi 28 milyard 841 milyon 814.10 min ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu 7,25% artım deməkdir. Xarici ticarət əməliyyatlarının 13 milyard 614 milyon 819.69 min dolları idxal əməliyyatlarının payına düşüb (26% artım).
Teleqraf Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, hesabat dövründə idxal olunan malların çeşidlərinin sayı 7 298 olub.
İdxalda ən böyük pay 7 milyard 550 milyon 646.54 min dollarla özəl sektora məxsus olub – 55.46%. Dövlət sektorunun idxalda payı 4 milyard 856 milyon 169.62 min dollar və ya 35.67%, fiziki şəxslərin isə 1 milyard 208 milyon 3.52 min dollar və ya 8.87% olub.
Azərbaycana MDB ölkələrindən idxal 3 milyard 566 milyon 242.37 min dollar (26.19%), Aİ ölkələrindən isə 1 milyard 688 milyon 831.42 min dollar (12.41%) təşkil edib. Ölkə qrupları üzrə idxalda liderlik 8 milyard 359 milyon 745.90 min dollarla digər ölkələrin payına düşüb - 61.40%.
Hesabat dövründə humanitar yük, təmənnasız kömək, texniki yardım və hədiyyələr çərçivəsində 23 milyon 761.61 min dollar dəyərində idxal həyata keçirilib. Eyni zamanda, yüksək texnologiyalar məhsullarının idxalı 779 milyon 545.89 min dollar olub və bu, ümumi idxalın 5.73 faizinə bərabərdir.