AZ

Zelenski çox ağır seçim qarşısındadır -Səbəb AÇIQLANDI

ABŞ prezidenti Donald Tramp bu gün axşam Bakı vaxtı ilə saat 21:15-də Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski və ardınca bir sıra Avropa liderləri ilə görüşəcək.

Danışıqlarda sülh sazişi və Kremlin tələbləri müzakirə olunacaq.


Redaktor.az-ın məlumatına görə, siyasi ekspert Elxan Şahinoğlu qarşıdakı görüşlə bağlı ehtimallarını açıqlayıb.

“Ukrayna Prezidenti Zelenski çox ağır seçim qarşısındadır. ABŞ prezidenti Donald Tramp bu gün Ağ Evdə Zelenskidən müharibəni dayandırmasını və bunun qarşılığında Donbasın Rusiyaya qurban verməsini istəyəcək. Kreml bunun əvəzinə Ukraynaya daha hücum etməyəcəyi və Qərb ölkələrinin Kiyevə verəcəyi təhlükəsizlik təminatını tanıyacağını vəd edib. Bu vədin bir qara qəpik dəyəri yoxdur. Ortada Kremlin 1994-cü il sazişini cırıb zibil yeşiyinə atdığı faktı var”, - E.Şahinoğlu deyib.

V.Zelenski Vaşinqtona səfərdən əvvəl açıqlama verərək Ukrayna Konstitusiyasına zidd qərar verməyəcəyini və Donbasdan imtina etməyəcəyini bildirib.

E.Şahinoğlunun fikrincə, Zelenski bu fikrini Trampa deyəcəyi halda o Ağ Evdən nəticəsiz qayıdacaq:

“Bu, Ukraynanın resurslarını tükəndirən müharibənin davamı və Trampın Ukraynaya hərbi dəstəyi azaltması demək olacaq. Zelenski Trampın təklifini qəbul etsə, o ərazilərdən imtinasını Ukraynaya xalqına izah etməli olacaq. Prezidentə ərazisindən imtinanı xalqına izah etməkdən ağır vəzifə ola bilməz. Bu faktiki Rusiya qarşısında kapitulyasiyadır”.

Ekspertin sözlərinə görə, Trampa nə yolla olursa-olsun müharibəni dayandırmaq, seçkiqabağı vədini yerinə yetirməklə reytinqini artırmaq və Nobel sülh mükafatı almaq lazımdır:

“Yeganə maneə Zelenskinin kapitulyasiyaya müqavimət göstərməsidir. Ukrayna Prezidenti üçün bu görüş ötən dəfəki görüşdən daha ağır keçəcək. Zelenski dünyanın gözü qarşısında Ağ Evdə ikinci dəfə Trampla mübahisə etmək istəmir. Ona görə də Zelenski Trampın təklifinə “yox” cavabı vermək əvəzinə, məsələni uzatmaq taktikasını seçə bilər”.

Seçilən
7
50
redaktor.az

10Mənbələr