AZ

"Azərbaycan millisində milliləşdirilmiş oyunçular çıxış edəcək" - MÜSAHİBƏ

Azərbaycan Premyer Liqasında yeni mövsüm start götürdü.

Artıq birinci turun 4 matçı arxada qalıb. Yalnız "Sabah" - "Qarabağ" görüşü təxirə salındığı üçün baş tutmadı.

"Zirə" ilə "Araz-Naxçıvan" qarşıdurması 19 avqust tarixində baş tutacaq.

Təbii ki, yeni mövsümdən gözləntilər böyükdür.

Amma narahatlıq da yox deyil.

Məsələn, legioner limitinin ləğvindən sonra klublarımızın dəyişikliyə reaksiyası çox maraqlı idi.

Yerlilərə güvən olacaq, yoxsa kütləvi əcnəbiləşmək yolunu seçəcəyik?

Təəssüf ki, öncədən proqnozlaşdırdığımız kimi də oldu.

Klublarımız ilk gündən gücü verdi gəlmələrə.

Xüsusilə autsayder, hədəfi liqada qalmaq olan aşağı büdcəli klublarımızın bu yolu seçməsi məyusedicidir.

16 ildən sonra elitaya qayıdan "Karvan Yevlax" "Qəbələ" önünə cəmi 3 azərbaycanlı ilə çıxmışdı. Gdişatda bu say 2-yə belə endi.

Digər debütant "İmişli"nin də start heyətdə eyni sayda - 3 azərbaycanlı vardı. Aran təmsilçisi də gedişatda say 2-yə endirdi.

Yerli gənclərə şans verəcəyinə ən çox ümid bəslədiyimiz "Şamaxı"da isə daha az - cəmi 2 yerliyə start heyətdə yer tapıldı.

Qısası, mənzərə gözləniləndən də pisdir.

Bəs bu gedişat bizi hara aparır?

Futbol mütəxəssisi Azər Bağırov Sportinfo.az-a açıqlamasında sualımıza cavab olaraq bunları dedi:

"Legioner limitinin ləğvindən sonra hamıya elə gəlirdi ki, elitaya yeni qayıdan, qarşısına Premyer Liqada qalmaq hədəfi qoyan klublar daha çox yerli futbolçuların xidmətindən istifadə edəcək. Açığı, mən də belə düşünürdüm. Amma ilk gündən göründü ki, belə olmayacaq. Ucuz legionerin xidmətinə daha çox yer verilir.

Oynaya biləcək bir çox yerlilər ehtiyatda qalmağı üstün tutdular. Bunda oyunçuları da qınamaq olmur. Məxsus olduqları komandalar buraxmır. Bilirlər ki, yerli sayı azdı və özlərinə lazım ola bilər. Bu da normaldır.

Azərbaycan futbolunda yerli məşqçilərə də şans çox verilmir. Onlar da maksimum fürsət olanda özlərini doğrultmağa çalışırlar. Bu da özü-özlüyündə doğru yanaşmadır. Əcnəbilərə üstünlük verməklə hər hansı qaydanı pozmurlar. Onlar da rəqabətdə uduzmaq istəmirlər. Hədəfləri üçün mübarizə aparırlar".

Unutmayaq ki, Premyer Liqada çıxış edənlər arasından ölkənin milli komandaları formalaşdırılır.

İşi bu üzündə vəziyyət necə nizamlanacaq?

Bağırov gələcəklə bağlı həyəcan təbili çalıb:

"Bu da azərbaycanlı futbolçuların silinməsinə gətirib çıxaracaq. Digər yandan da hörmətli Santuşa adamın yazığı gəlir. Kimi izləyəcək, kimi seçəcək.

Bundan sonra Birinci Liqadan milliyə futbolçular axtarsa daha yaxşı olar. Premyer Liqada ehtiyatda oturanlardansa, aşağı liqada davamlı oynayanlar daha çox faydalı olar. Bütün bunlar zəncirdir.

Yığma üzvləri daim meydanda olmalıdır. Digər acınacaqlı tərəf odur ki, 10 il əvvəl olduğu kimi, yenidən milliləşdirilmiş oyunçulara möhtac qalacağıq. Çox güman ki, yaxın gələcəkdə milli komanda milliləşdirilmiş oyunçulara üz tutacaq. Proses ona doğru gedir".

XANOĞLAN İMANOV

Seçilən
5
50
sportinfo.az

10Mənbələr