ABŞ dövlət katibi Marko Rubio Avropa liderlərinin Vaşinqtona səfəri barədə yayılan iddialara istehzalı cavab verib.
Referans xəbər verir ki, mətbuatda yer alan məlumatlarda Avropa liderlərinin Oval kabinetdə keçiriləcək sabahkı görüşdə guya Volodimir Zelenskini Donald Trampın “siyasi təzyiqlərindən qorumaq üçün” Vaşinqtona gəldikləri iddia olunurdu.
Rubio bu yanaşmanı “tamamilə gülünc” adlandırıb:
“Bu qədər absurd hekayəni mətbuat uydura bilərdi: guya onlar Zelenskini Trampın qorxutmasından xilas etmək üçün gəlirlər. Həftələrdir biz bu liderlərlə danışıqlar aparırıq. Onlar sabah özləri gəlmək qərarına gəliblər. Biz sadəcə onları dəvət etmişik”, – deyə o, "CBS News"un efirində bildirib.
Müşahidəçilər hesab edirlər ki, Rubionun bu açıqlaması Vaşinqtonun Avropa ilə koordinasiyada Zelenskini “tək buraxmaq” niyyətində olmadığını göstərir. Bununla yanaşı, onun istehzalı ifadəsi bir daha təsdiqləyir ki, ABŞ rəhbərliyi Tramp–Zelenski görüşü ətrafında qurulan “qorxutma ssenarilərinə” əhəmiyyət vermir.