Nyu-Yorkun Bruklin rayonunda atışma baş verib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.
"Report"un xəbərinə görə, bu barədə "New York Post" polisə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, bazar günü səhər tezdən Kroun-Hayts ərazisindəki Franklin prospektində yerləşən "Taste of City Lounge" restoranının içərisindən atəş səsləri eşidilib.
Nyu-York polis rəisi Cessika Tiş bildirib ki, insident yerli vaxtla saat 3:30 radələrində baş verib.
Jurnalistlərin məlumatına görə, 27 və 35 yaşlı üç kişi hadisədən sağ çıxa bilməyib. Bütün yaralılar xəstəxanalara çatdırılsa da, onların vəziyyəti hələ ki, açıqlanmır.
Hüquq-mühafizə orqanları hücumun baş vermə şəraitini araşdırır və atəş açanların şəxsiyyətini müəyyənləşdirir.