Avropa İttifaqı yaxın günlərdə Rusiyaya qarşı yeni sanksiya dalğası tətbiq etməyə hazırlaşır. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə keçirdiyi brifinqdə məlumat verib.
Referans xəbər verir ki, Fon der Lyayenin sözlərinə görə, 19-cu sanksiya paketi üzərində iş artıq yekunlaşma mərhələsindədir və onun sentyabrın əvvəlində qəbul olunması gözlənilir. Avropa Komissiyasının rəhbəri bildirib ki, yeni məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı davam edən işğalçı siyasətinə cavab olaraq hazırlanıb və Moskvanın iqtisadi və maliyyə imkanlarının daha da zəiflədilməsinə yönəlib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə Avropa İttifaqının bu addımını yüksək qiymətləndirib və bildirib ki, Rusiyaya təzyiqlərin davam etdirilməsi Ukraynada sülhün bərqərar olması üçün mühüm şərtdir.
Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ildən bəri Rusiyaya qarşı ardıcıl olaraq 18 sanksiya paketi qəbul edib. Bu məhdudiyyətlər Rusiya iqtisadiyyatının enerji, maliyyə, müdafiə sənayesi və texnologiya sahələrini hədəf alıb.