AZ

Dağlar gözəli – ağ duvaqlı Afurca şəlaləsi

Yayın isti, qızmar günlərində adamın yadına ən çox sərin yerlər – dağlar, meşələr, oradakı bulaqlar, bir də ki, şəlalələr düşür. Kimsə öz xəyalında yaxın-uzaq ölkələrdəki böyük, gur sulu şəlalələri canlandırmağa cəhd etməsin. Azərbyacanımızın bir çox dağ və dağətəyi ərazilərində elə gözəl şəlalərimiz var ki, onların hər birini görmək hər kəsə xoş əhval gətirir.

Şəlalələr yayda insanlara təkcə sərinlik bəxş etmir, həm də qəlblərdə şirin duyğular oyadır. Dilimizdə, şeirimizdə, mahnılarımızda şəlalələrimiz böyük sevgi ilə vəsf olunur. Nəğməkar şairlərimizdən Hafiz Baxışın şeirinə yazılmış məşhur mahnıdan, 2 misranı xatırlamaq belə kifayətdir:

Coşqun çaylar nəğmə deyən dilindir,
Şəlalələr ağ duvaqlı gəlindir.

Necə də gözəl deyib, şair! Aşıq gördüyün çağırar. Mənim əslim, nəslim Qubadan olduğu üçün buradakı məşhur Afurca şəlaləsindən söz açamaq istəyirəm. Şimal bölgəsinə səfər edən yerli və əcnəbi turistlərin çoxu dağlar gözəli Afurca şəlaləsini görməyə can atır.

Adını yerləşdiyi eyni adlı kənddən alan Afurca şəlaləsi, həqiqətən, ölkəmizin gözəl təbii təbiət abidələrindəndir. Təxminən, 75 metr hündürlükdən axan şəlalənin suları qranit qayaya çırpılaraq ətrafa səpələnir. Afurca şəlaləsi elə bu yerlərin “ağ duvaqlı gəlinləri” kimi abırlı, ismətlidir. Onun göz yaşları kimi dumduru damcılarının altında durmağın ayrı bir ləzzəti var. Amma su soyuq olduğu üçün hər kəs buna ürək eləmir.

Qeyd etmək lazımdır ki, Afurca kəndi rayon mərkəzinin 36 kilometrliyində, dəniz səviyyəsindən 1200 metr hündürlükdə yerləşir. Qubadan Qonaqkənd istiqamətində hərəkət edərkən Təngəaltı dərəsinə çatandan sonra şəlalənin gözəlliyinə tamaşa etmək üçün bir neçə yüz metr dağ yolu ilə yuxarı qalxmalı olursan.

Bəzi turistlər bu yolu atlarla, bəziləri isə “cip” maşınlarla qalxırlar. Yerli gənclər isə atları və maşınları ilə hər an turistlərin xidmətdindədirlər. İnsafən, zəhmət haqqı da elə yüksək deyil.

Yaxın-uzaq yolları aşıb Afurcaya gəlməyə dəyər. Təsadüfi deyil ki, yay turizminin qızğın çağında bu əsrarəngiz yerləri axın-axın insan ziyarət edir. Qonaqlar şəlaləyə heyranlıqla baxmaqdan doymurlar. Çoxları bir qayda olaraq burada xatirə fotoları da çəkdirirlər.

Yeri gəlmişkən, şəlalənin yerləşdiyi ərazi ekoloji baxımdan çox təmiz və zəngindir. Burada müxtəlif nadir bitki və heyvan növləri yayılıb. Yay aylarında paytaxtdan, eləcə də digər şəhər və bölgələrdən gələn bəzi ailələr yaxınlıqdakı Afurca və Təngəaltı kəndlərində kirayə evlər tutub dincəlirlər. Son illər ərazidə turizm obyektləri də artıb. Çoxları buradakı xidmətin səviyyəsindən razılıq edirlər. Təbii ki, xidmət haqqlarının baha olduğunu dilə gətirərək narazı qalanlar da olur.

Afurca şəlaləsi rəssam və fotoqraflar üçün də əvəzsiz bir məkandır. Son dəfə bura gələndə köhnə tanışım, kəndin yetirməsi, tanınmış fotojurnalist Bayram Afurcalını da turistlərin arasında gördüm. Durmadan fotoaparatın düyməsini sıxır, bu yerlərin saf havasını və suyunu elə hey tərifləyərək qonaqların xoş dəqiqələrini fotolara həkk edirdi.

Turistlərdən biri dedi ki, bu yerlərin ən böyük sərvəti təkcə gözəl təbiəti deyil, elə Bayram Afurcalı kimi, saf, təmiz qəlbli insanlarıdır. Bayram müəllim bu sözlərin cavabında sadəcə, gülümsədi. Döşünə yatmışdı kəndinin tərifinə bərabər tutulması...

Şəlalədən ayrılanda tanış bir şairin vaxtilə yazdığı “Dağlar” şeirinin son misraları qulağımda nəğmə kimi səslənirdi:

Şəlaləsi saz kimidir,
Dədəm Qorquddu dağlar!

M.HACIXANLI
XQ

Seçilən
30
50
xalqqazeti.az

10Mənbələr