AZ

Yaşıl kolların ağ örpəyə bürünməsinə çox qalmayıb

Neftçala pambıqçıları növbəti kompleks becərmə aparırlar

Avqust pambıqçılıqda kolların bartoplama ayı hesab olunur. Bu ayda bitkilərin üstündə formalaşan bar orqanları məhsulun hər hektardan neçə sentner olacağına təminat verir. O səbəbdən pambıqçılar diqqətli olmağa çalışırlar. 

Kultivatorun qabaq və yan təkərlərinin önünə xüsusi qoruyucu qurğu (şit), işçi orqanlarına isə sellofan və parça bağlayırlar ki, yan budaqları sındırmasın, formalaşmış qozaları əzib yerə tökməsin. Məhsulun ərsəyə gəldiyi bu vaxtlar çalışırlar ki, sovka ziyanvericisinə qarşı daha güclü mübarizə aparsınlar, onun əmələ gəlməsinə, artıb çoxalmasına imkan verməsinlər. Bu məqsədlə hər gün bir neçə dəfə sahələrə baş çəkib yoxlama aparırlar. 

Neftçala pambıqçıları ənənələrinə sadiq qalaraq bu il də bol məhsul yetişdirmək əzmilə çalışırlar. Qeyd edək ki, cari ilin əvvəlində 5 pambıqçılıq şirkətinin - "Prime Cotton", "P-Aqro", "Azərtəsərrüfat", "Azərpambıq ASK" və "Taşobasi" MMC filialları tərəfindən 1419 nəfər torpaq mülkiyyətçisi və fermerlə müqavilə bağlanaraq rayon üzrə 7 min 167 hektarda pambıq əkini aparılması planlaşdırılmış, yazda bu plan həyata keçirilmişdir. Havaların qeyri-sabit keçməsinə baxmayaraq, fermer və sahibkarlar aprel-may aylarında çiyid səpini aparmışlar. Əkin zamanı aqrotexniki qaydalara əməl olunmuş, səpinlə birlikdə hər hektara 100 kiloqram ammofos gübrəsi verilmişdir. 

Şirkət filiallarının mütəxəssisləri də öz tövsiyə və məsləhətlərini əsirgəməmişlər. Pambıqçılar texnika, çiyid, mineral gübrələr, ziyanvericilərə qarşı preparatlar və digər vasitələrlə vaxtlı-vaxtında təmin olunmuşlar. Hazırda sahələrdə 5-ci kompleks becərmə gedir. 4 min hektardan çox sahədə 2-ci suvarma aparılmışdır. Bu iş indi də davam edir. 

Cari il Neftçalada pambıq əkmiş fermerlərdən biri də Yuxarı Qaramanlı kənd sakini Əliağa Mütəllimovdur. Təcrübəli fermer torpaqdan qazandığı vəsaiti elə torpağın özünə yönəldib. Əlavə torpaqlar alıb, torpaq icarəyə götürüb. İndi öhdəsində 30 hektara yaxın torpaq var. Fermer deyir ki, torpaq diqqət və qayğı istəyir, gərək şumu vaxtında və keyfiyyətlə aparasan, o biri işləri də həmçinin: "Öhdəmdə olan sahələrin bəzisi həndir-hamar olduğundan bitkilər yaxşı su içə bilmirdi. Bitkinin də canı, bildiyiniz kimi, sudadır. Yaxşı su içməsə, bol məhsul vermir. Odur ki, zəhmət, xərc tələb etməsinə baxmayaraq, həmin sahələrdə lazer texnikası ilə hamarlama işləri gördürmüşəm. Düzdür, birinci il bir qədər az məhsul verir, amma sonrakı illərdə faydasını əldə edirsən - məhsuldarlıq xeyli artır". 

Əliağa kişi sözünə davam edərək deyir: "Bu il 13 hektarda pambıq əkmişəm. Üç oğlumla birlikdə əkdiyimiz sahələri becəririk. Pambıqdan başqa, taxıl, yonca da əkirik. Mal-qara da saxlayırıq. Kəndlinin qapısında inəyi, qoyunu, toyuq-cücəsi olmasa, işi fəna olar. Hər şeyə pul versə, bir şey artıra bilməz, problemləri aşıb-daşar. Pambığa gəldikdə isə deyə bilərəm ki, o, çox zərif bitkidir. Onu körpə uşağa bənzədənlər doğru deyiblər - bir gün ondan nəzərini çəksən, lazım olan qayğını göstərməsən, hiss edirsən ki, yarpaqları, qol-budaqları təravətini itirir, sanki sahibindən küsür. Bu işləri bildiyimizdən, qaydalara əməl etdiyimizdən, şükürlər olsun ki, işlərimiz yaxşı gedir. İndi hər kolun üstündə 18-20 formalaşmış qoza var. Mən hələ gül-darağı demirəm. Təkcə mənim yox, kəndimizdəki digər fermerlərin sahələrində də bol məhsul yetişir. Müqavilə bağladığım "P-Aqro" MMC Neftçala rayon filialının işçilərinin də bu işlərdə xüsusi əməyi var. Hər gün yanımızdadırlar. Aqrotexniki tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirməyimizdə bizə dəstək olur, əllərindən gələni edirlər". 

Yeri gəlmişkən, qeyd edək ki, bu il Yuxarı Qaramanlı ərazisi üzrə 37 nəfər fermer 129 hektarda pambıq əkib. Keçən il kənddə 120 hektar əkin sahəsinin hər hektarından orta hesabla 37 sentner məhsul götürülmüşdür. Mütəxəssislərin dediklərinə görə, bu il məhsuldarlığın daha yüksək olacağı gözlənilir. 

Seyran CAVADOV, 

"Azərbaycan"

Seçilən
66
50
azerbaijan-news.az

10Mənbələr