BANKER.AZ — Alyaska sammitində üçüncü saatına yaxınlaşan görüşdə, ABŞ Prezidenti Donald Trump və Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna müharibəsinə son qoymaq və atəşkəsə nail olmaq ümidilə görüşsə də, heç bir razılıq əldə olunmadı. Görüşdən sonra hər iki lider danışıqları “məhsuldar” adlandırdı, lakin heç bir konkret addım atılmadı və açıq media suallarına cavab verilmədi. Trump “hələ razılıq yoxdur,”—deyə bildirdi və qarşıdakı mərhələlər üçün Ukrayna lideri Volodimir Zelenski ilə üçtərəfli danışıqların vacibliyini vurğuladı.
Bununla belə Alyaskada baş tutan görüşün nəticələri regionda geniş müzakirə olunur. Azərbaycanlı ekspertlər görüşün həm formatı, həm də nəticələri ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
İqtisadçı ekspert Elman Sadıqov qeyd edib ki, görüşün əvvəlcədən planlaşdırıldığı kimi təkbətək deyil, 3:3 formatda keçirildiyini, ikinci hissənin — ticarət və iqtisadi məsələlərin müzakirəsinin isə ləğv olunduğunu bildirib. Onun sözlərinə görə, “6-7 saatlıq proqram 3 saata bitdi. Dünən qeyd etdiyim kimi, Rusiya Ukraynada atəşkəs olmadan sanksiyaların ləğvinə çalışdı, alınmadı.” Sadıqov əlavə edib ki, görüşdə gözlənilən razılaşmalar baş tutmayıb: “Rusiya görüş nəticəsində ən azı 3 razılaşma və memorandum imzalanacağını bildirirdi. Heç nə imzalanmadı.”
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, işğala məruz qalan dövlətin lideri olmadan real nəticə gözlənilmirdi: “Ukraynanın baş üzərindən sülhə nail olmaq mümkün deyil.” Onun sözlərinə görə, Vaşinqton münaqişənin “ərazi mübadiləsi” vasitəsilə həllini təklif etsə də, Kiyev və Moskva bu yanaşmanın əleyhinədir. Şahinoğlu əlavə edib: “Donald Trampla Vladimir Putin arasındakı dialoqun davam etməsi və Kreml sahibinin amerikalı həmkarının fəaliyyətini müsbət qiymətləndirməsi Azərbaycanın da maraqlarına cavab verir. Belə olan halda Kreml açıq-aşkar Zəngəzur dəhlizinin işlədilməsi üçün ABŞ-ın səylərinin qarşısını almaq istəməyəcək.”
Siyasi şərhçi Şahin Cəfərli isə görüşü ABŞ üçün uğursuzluq adlandırıb: “Alyaska görüşü birmənalı şəkildə Tramp və ABŞ üçün fiaskodur.” Onun sözlərinə görə, Trampın əsas məqsədi atəşkəsə nail olmaq idi, lakin “görüşdən sonra verilən açıqlamada atəşkəs sözündən ümumiyyətlə, istifadə olunmadı.” Cəfərli əlavə edib ki, Putin üçün bu səfər ciddi uğur olub: “Ümumən ABŞ-a səfər etməsi, önünə qırmızı xalı sərilməsi, orada öz sərsəm fikirlərini bir daha dünyaya elan etmək fürsəti qazanması və zərrə qədər də güzəşt etmədən F-22-lərin müşayiəti ilə geri dönməsi Putin üçün ciddi uğurdur.”