İran Zəngəzur dəhlizinin (Tramp marşrutu) Ermənistan üzərindən Gürcüstana və Qara dənizə olan ənənəvi tranzit yoluna strateji və siyasi maneə yarada biləcəyindən ehtiyat edir
İranın xarici işlər naziri Abbas Əraqçi avqustun 11-də erməni həmkarı Ararat Mirzoyanla telefon danışığı zamanı bildirmişdi ki, Ermənistan ərazisindən keçən “qondarma Tramp marşrutu” İranın digər tranzit marşrutlara çıxışına mane olmamalıdır.
Onun sözlərinə görə, bununla bağlı istənilən qərar və ya tədbir bütün ölkələrin milli suverenliyinə və ərazi bütövlüyünə uyğun olaraq qəbul edilməli, o cümlədən region dövlətlərində sabitlik və təhlükəsizlik tələblərinə cavab verməlidir. Bunu erməni mediası yazır. Amma Əraqçının “Tramp marşrutu”nu "qondarma" adlandırmasına Mirzoyanın heç bir reaksiyası yoxdur.
Bu, diplomatik baxımdan diqqətəlayiq məqamdır. Əgər İran xarici işlər naziri Abbas Əraqçi “Tramp marşrutu” ifadəsinə “qondarma” sözünü əlavə edirsə, bu, Tehran üçün həmin layihənin legitimliyinin tanınmadığını göstərir. İstifadə olunan termin həm siyasi mesaj, həm də hüquqi mövqe xarakteri daşıyır.
Mirzoyanın isə buna cavab verməməsi bir neçə formada yozula bilər.
Birincisi, bu taktiki gediş ola bilər. Sakit diplomatik taktika - Ermənistan bəzən mübahisəli terminologiyaya cavab verməmək yolu ilə qarşı tərəflə polemikanı uzatmamağa çalışır. Bu, danışıqların ümumi axarını qorumaq məqsədi daşıyır.
Ermənistan həmisəki kimi iki stulda oturaraq, İranla münasibətləri pozmaq istəmir. Ermənistanın iqtisadi və təhlükəsizlik baxımından İrana ehtiyacı var, buna görə açıq reaksiya vermək istəmirlər.
Digər tərəfdən, Ermənistanda hələ də mövqe qeyri-müəyyənliyi var. Bu özünu Vaşinqtonda vizual olaraq Paşinyanın davranışlarında da göstərirdi. Mirzoyan da“Tramp marşrutu” barədə Ermənistanın rəsmi ritorikasını özündə tam formalaşdırmayıb. Ona görə də iranlı həmkarı ilə ehtiyatlı davranır.
Əslində, cavabsızlıq bəzən açıq “razıyam” deməkdən də güclü siqnal olur. Çünki etiraz olmadıqda, qarşı tərəfin dediyi qeyri-rəsmi olaraq qəbul edilmiş kimi görünə bilər.
Abbas Əraqçinin burada nəzərdə tutduğu ölkəsinin çıxışı məsələsi İranın Ermənistan üzərindən Gürcüstana, Qara dənizə və oradan Avropa bazarlarına çıxışıdır. İran hazırda şimal istiqamətində bir neçə əsas tranzit marşrutdan istifadə edir. Bunlardan biri İran-Ermənistan-Gürcüstan marşrutudur ki, bu yol İranın Qara dəniz limanlarına (Poti, Batumi) çıxışına imkan verir.
Digər marşrut isə İran-Ermənistan-Rusiya marşrutudur. Bu marşrut Gürcüstan üzərindən və ya birbaşa Şimali Qafqaz istiqamətində reallaşdırılır.
Üçüncü istiqamət isə İran-Ermənistan-Avropa yük tranzitidirki, TRACECA və digər beynəlxalq nəqliyyat layihələri çərçivəsində həyata keçirilir.
“Tramp marşrutu” (yəni ABŞ-ın dəstəklədiyi Zəngəzur dəhlizi ideyası) həyata keçərsə, İran narahatdır ki, Ermənistanın cənub bölgəsində, yəni İranla birbaşa sərhəddə yeni geopolitik nəzarət mexanizmi yaranacaq.
Bu dəhliz regiondakı yük axınlarını özünə çəkərək İran-Ermənistan xəttinin iqtisadi əhəmiyyətini azalda bilər.
Əgər dəhlizə Rusiya, Türkiyə və ya Qərb strukturları nəzarət edərsə, İranın şimal çıxışına texniki və ya siyasi məhdudiyyətlər gətirilə bilər.
Qısası, İran “Tramp marşrutu”nun Ermənistan üzərindən Gürcüstana və Qara dənizə olan ənənəvi tranzit yoluna strateji və siyasi maneə yarada biləcəyindən ehtiyat edir.
Akif NƏSİRLİ