Oxu.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Azərbaycan Prezidenti İlham Əliyev "Fox News" telekanalına müsahibəsində Zəngəzur dəhlizi ("Tramp marşrutu" - TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlət başçısı qeyd edib ki, bu, yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq".
Oxu.Az xəbər verir ki, bu barədə iqtisadçı-deputat Vüqar Bayramov paylaşım edib.
O bildirilib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsir göstərəcək:
"Bu, bir tərəfdən də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası deməkdir. Nəzərə alsaq ki, uzun müddətdir Naxçıvan blokadada yaşayır, quru yolu ilə əlaqənin bərpa edilməsi Naxçıvanda istehsal edilən məhsulların daha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinə çatdırılmasına imkan yaradacaq. Bu da təbii ki, Naxçıvanda biznesin inkişafı baxımından vacibdir".
Deputat əlavə edib ki, digər tərəfdən, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq:
"Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Azərbaycanın Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq".
"Bu, eyni zamanda, türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir. Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolu ilə kommunikasiyanın bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə verəcək", - deyə V.Bayramov qeyd edib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.