AZ

"Zəngəzur dəhlizi təhdid deyil, əməkdaşlıq təşəbbüsüdür" - Deputat

Azərbaycan Prezidenti İlham Əliyev "Fox News” telekanalına müsahibəsində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı əldə edilmiş razılaşmanın heç kimə qarşı olmadığını deyib. Dövlət başçısı qeyd edib ki, bu yeni bağlantı layihəsidir və beynəlxalq nəqliyyat marşrutlarının mühüm hissələrindən biri olacaq. 
 
Moderator.az-ın məlumatına görə, iqtisadçı deputat Vüqar Bayramov bildirib ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və Azərbaycan-Ermənistan arasında kommunikasiyaların bərpası həm Azərbaycan iqtisadiyyatına, həm də bütövlükdə regionda iqtisadi inkişafa müsbət təsir göstərəcək:
 
“Bu, bir tərəfdən də  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpası deməkdir. Nəzərə alsaq ki, uzun müddətdir Naxçıvan blokadada yaşayırdı, quru əlaqənin  bərpa edilməsi Naxçıvanda istehsal edilən məhsulların daha qısa müddətdə və daha az xərclə Azərbaycanın əsas ərazilərinə çatdırılmasına imkan yaradacaq. Bu da təbii ki, Naxçıvanda biznesin inkişafı baxımından vacibdir”.
 
V.Bayramov əlavə edib ki, digər tərəfdən, Zəngəzur dəhlizi həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya olunacaq: “Bu isə həmin dəhliz vasitəsilə daha çox yüklərin daşınması deməkdir. Nəticədə, Orta Dəhlizin də genişlənməsinə imkan yaradacaq ki, bu da Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəticəsində Azərbaycanın beynəlxalq yükdaşımalardan daha çox gəlir əldə etməsi deməkdir. Eyni zamanda, alternativ yollarla öz məhsullarını yeni bazarlara ixrac etmək imkanı qazandıracaq”.
 
Deputat xüsusi vurğulayıb ki, bu, eyni zamanda türk dünyasını birləşdirəcək quru nəqliyyat dəhlizidir: “Türk dünyasının inkişafına xüsusi töhfə verəcək. Bu baxımdan, Zəngəzur dəhlizinin istifadəyə verilməsi həm Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında quru nəqliyyatının bərpasına, Naxçıvanın blokadadan çıxmasına, həm də Azərbaycan daxil olmaqla bütövlükdə türk dünyasının iqtisadi inkişafına töhfə verəcək”.
 
Seçilən
34
15
moderator.az

10Mənbələr