AZ

Avropalı liderlər Rusiyaya 5 şərt irəli sürdü

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putin ilə görüşdən əvvəl Avropa ölkələrinin liderləri ilə birgə videokonfransda iştirak edib.

"Unikal" xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski onlayn müzakiələrdə iştirak etmək üçün Berlinə səfərə gəlib.

Berlində Ukrayna Prezidentini Almaniya Kansleri Fridrix Merts qarşılayıb. Fridrix Merts və Volodimir Zelenski ikitərəfli görüşdən sonra videokonfransda iştirak ediblər.

Yerli mediada yer alan xəbərlərə görə, görüşdə avropalı liderlər Rusiyaya qarşı beş şərt irəli sürüblər. Bu şərtlər növbəti mərhələdə keçiriləcək bütün danışıqlarda Ukraynanın da iştirak etməli olması, danışıqların başlanğıc nöqtəsi kimi dərhal atəşkəsin təmin olunması, ərazi məsələləri üzrə müzakirələrin yalnız mövcud “təmas xətti” əsasında aparılması, Rusiya tərəfindən həyata keçirilmiş hər hansı hərbi ilhaqın beynəlxalq-hüquqi baxımdan tanınmaması, Ukraynaya möhkəm təhlükəsizlik zəmanətləri verilməsi və Qərbin uzunmüddətli hərbi yardımının təmin olunması, eləcə də bütün prosesin transatlantik çərçivədə vahid strategiyanın tərkib hissəsi olması, irəliləyiş əldə edilmədiyi halda Rusiyaya qarşı təzyiqlərin artırılmasından ibarətdir.

Fridrix Merts görüşlə bağlı açıqlamasında bu mövqenin ABŞ Prezidenti Tramp tərəfindən böyük ölçüdə dəstəkləndiyini və məqsədin avqustun 15-də Alyaskada keçiriləcək Tramp–Putin görüşündə sülh istiqamətində konkret nəticələr əldə etmək olduğunu bildirib. Ukraynada sülh üçün ümid olduğunu vurğulayan Almaniya Kansleri deyib ki, əgər Alyaskadakı görüşdə Rusiyanın mövqeyində dəyişiklik baş verməsə, ABŞ və Avropa təzyiqi artırmalıdır.

Volodimir Zelenski isə mətbuata açıqlamasında Rusiyanın hazırda müharibəni bitirmək niyyətində olmadığını, əksinə, siyasi aldatma cəhdlərinin mümkün olduğunu vurğulayıb. O bildirib ki, Ukraynanın və tərəfdaşlarının təcrübəsindən dərs çıxarılmalı, Rusiyanın aldadıcı manevrlərinə imkan verilməməlidir.

Seçilən
59
50
unikal.az

10Mənbələr