AZ

Aqrar sığorta fermerləri ziyandan qoruyur

6 ayda dəymiş zərərə görə 4 milyon 435 min manat ödəniş edilib

Ölkəmizdə dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan təsərrüfatların sayı getdikcə artır. Ödənişlərin məbləği, eləcə də məhsulların və bölgələrin əhatəsi genişlənir.

2025-ci ilin yanvar – iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 13 milyon 115 min manat sığorta haqqı toplanılıb ki, bu da ötən ilin eyni dövrünə nisbətən 18 faiz çoxdur. Hesabat dövründə bitkiçilik və heyvandarlıq üzrə sığorta haqları müvafiq olaraq 13 faiz və 65 faiz artıb. Cari ilin birinci yarısında Aqrar Sığorta Fondu təsərrüfatlara dəymiş zərərə görə, ümumilikdə, 4 milyon 435 min manat sığorta ödənişi edib. İlk yarımillikdə fermerlərə əkin sahələri üzrə 4 milyon 245 min manat, heyvandarlıq üzrə isə 190 min manat sığorta ödənişi verilib. Zərər ödənişinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 faiz artıq olub.

Yanvar – iyun aylarında Aqrar Sığorta Fondu tərəfindən 342,6 min hektar əkin sahəsi sığorta edilib. Bu sahələr üzrə ödənilən sığorta haqqı 11 milyon 475 min manat, təminat verilmiş sığorta məbləği isə 497 milyon manat təşkil edib. Bu il, eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq çiyələk sahələrinin sığortası həyata keçirilib.

Hesabat dövründə ölkənin müxtəlif ərazilərindəki təsərrüfatlarda 3 min 231 baş heyvan sığortalanıb ki, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 84 faiz artım deməkdir. İlin ilk 6 ayında heyvandarlıq sığortası üzrə toplanan sığorta haqqı 1 milyon 640 min manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 65 faiz çoxdur. Heyvandarlıq sığortası üzrə sığorta təminatının məbləği 19 milyon 747 min manata çatıb.

Aqrar Sığorta Fondu 2025-ci ilin ilk yarısında əkin sahələrinin ən çox ziyan vuran təbiət hadisələrini də araşdırıb. Məlum olub ki, ilin ötən dövründə əkin sahələrinin 65 faizi dolu, 17 faizi fırtına, 15 faizi sel-subasma və 2 faizi leysan yağışlarının təsirinə məruz qalıb. 

6 ayda taxıl, qarğıdalı və pambıq sahələrindən sonra ən çox sığorta ödənişi edilən bitkilər günəbaxan, tütün, armud, şaftalı, şəkər çuğunduru, fındıq, badam və qarpız olub. Hesabat dövründə ən çox zərər ödənişi Füzuli, Ağcabədi, Tovuz, Tərtər, Ağsu, Hacıqabul, Beyləqan və Şəki rayonları üzrə qeydə alınıb.

Seçilən
0
17
xalqqazeti.az

10Mənbələr