AZ

"Qızım, sən əsl dram aktrisasısan"

Səsində qəribə bir yanğı var. Adama elə gəlir ki, o danışmır, incə, kövrək səslə həzin bir musiqini zümzümə edir. Yaxud dərin, mənalı gözlərində yaş görünməsə də, için-için  ağlayır... 

Yox, o ağlamırdı, bizə  taleyini danışırdı: "Ailədə 5 uşağıq. 10 yaşım olanda atam rəhmətə getdi. Bizi anam böyüdüb. Arif əmim sağ olsun. Qoymurdu ki, korluq çəkək, bizə atalıq edirdi. Amma atamızın yeri görünürdü. Qız uşağı uçun bu, çox böyük itkidir".

Onun həyatı bir teatr tamaşasına bənzəyir. Sanki özü haqqında yox, səhnə həyatı verdiyi obrazdan bəhs edir. "Orta məktəbdə oxuyanda məni tanıyanlar elə zənn edirdilər ki, rəssam olacağam. Müəllimlərim mənə "rəssam qız" deyirdilər. Könlümdən isə modelyer olmaq keçirdi. Aktrisa olmaq barədə heç düşünmürdüm. Bircə özüm üçün onu dəqiqləşdirmişdim ki, ömrümü incəsənətə bağlayacağam. Böyüklərim isə məni incəsənət sahəsinə yaxın buraxmaq istəmirdilər. 2010-cu ildə orta məktəbi bitirdim".

Həmsöhbətimiz Bakı Bələdiyyə Teatrının gənc aktrisası Əzizə Həşimovadır. O, 1992-ci il  martın 12-də  Şirvanda anadan olub, Salyan rayon Həsən Şahbazov adına Kərimbəyli kənd orta məktəbini bitirib. Əzizə deyir ki, evdə desəydim ki, məni Bakıya aparan öz arzumdur, buna imkan verməyəcəkdilər: "Nə isə etməliydim ki, Bakıya gəlişimə icazə versinlər. Dedim ki, kompüter kursunda oxumaq istəyirəm. Bu bəhanə ilə Bakıya gəldim". Sonra Əzizə xanım onu aktrisalığa aparan yoldan söz açır: "Əməkdar artist, professor Azad Şükürovla sosial şəbəkədən tanış olmuşduq. Onun yaradıcılığını izləyirdim. Bakıya gələndən sonra Azad müllimdən xahiş etdim ki, dərslərində iştirak etmək üçün mənə şərait yaratsın. O da icazə verdi". Sonra da davam edir: "Yeniyetməlik yaşımda arada evdə zümzümə etməyim də var idi. Bəzən mahnı  oxuduğum da olurdu. Qonşumuz Ülkər müəllimə səsimi eşidib anama deyirdi ki, Əzizənin gözəl səsi var. İmkan versəniz yaxşı müğənni ola bilər. Kimə deyirsən, nə deyirsən? Kim idi məni müğənni olmağa qoyan? Bu arada Bakıda kompüter kursunda oxuyanda Mənsum İbrahimovun da dərslərinə gedirdim. Məqsədim müğənni, xanəndə olmaq yox, muğamlarımızı  öyrənmək idi. Orada bəzi təsnifləri, eləcə də "Mirzə Hüseyn" muğamını da öyrənmişdim. Bir gün Azad müəllim mənə  dedi ki, Əzizə, səndən yaxşı dram aktrisası olar. O, mənə Əbilov adına Mədəniyyət Mərkəzinə getməyi məsləhət bildi. Bir müddət bədii rəhbər Mirələsgər müəllimin rəhbərliyi ilə "Qağayı" ansamblında solist oldum. "Azərbaycan", "Ay gözəl", "İntizar" mahnılarını oxudum. Əslində, bu yol məni heç özüm də bilmədən İncəsənət Universitetinə, aktrisalığa aparırmış. Zəhmətim də hədər deyilmiş. Qabiliyyət imtahanı verəndə əməlli karıma gəldi. Cənnət Səlimova mənə dedi ki, bir etüd göstər, biz feyziyab olaq. Etüd edəndə ürəyimdə "İntizar"ı zümzümə edirdim. Cənnət xanım bunu duyubmuş. Mənə dedi ki, indi ürəyində oxuduğun mahnını ifa et. İfamı çox bəyəndilər".

Əzizə Həşimova orta məktəbi bitirəndən 6 il sonara 2016-cı ildə İncəsənət Universistetinə qəbul olunur. 2016-2019-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alır. İkinci kursu bitirəndə "Ata ocağı" serialının seçim mərhələsinə dəvət alan aktrisa Aynurə obrazını canlandırır. Beləliklə, Əzizənin kino həyatı başlayır. 

Əzizə deyir ki, dördüncü kursda oxuyanda səhnə danışığı müəllimi Mahirə Yaqubova teatrda işləmək istəyib-istəmədiyini öyrənib. Cavabı müsbət olub.

2019-cu ildə Bakı Bələdiyyə Teatrında "Xilaskar" tamaşasında nişanlı qız obrazını yaratmaqla səhnəyə çıxan  aktrisa "Şuşada ürəyim qaldı" tamaşasında rəqqasə obrazını, "Xan qızı" əsərində müəllimə, "Sən qayıdacaqsan"da rəssam qız, "Nizami"də qəzəl deyən qız, "Vəfa"da ana obrazlarından birinə səhnə həyatı verdi.

Gənc aktrisa deyir: "Aktrisa olduğum üçün peşman deyiləm. Bəzən düşünürəm ki, elə anam məni bu sənət üçün dünyaya gətirib. Yaşadığım bu illər məni aktrisa olmaq üçün yetişdirib".

Aktyorluq sənətindən danışan Əzizə Həşimova deyir: "Bu, elə bir sənətdir ki, bağlandınsa, qopmaq olmur. Kim məşhur olmaq, tanınmaq  istəmir ki?! Bir də görürsən küçədə kimsə gəlib doğması kimi salam verir, əhvalını soruşur. Sənə qayğı, diqqət göstərir. O an nə qədər problemin olsa belə unudub səni xalqa tanıdan, sevdirən sənətinə köklənirsən. Bu sənət insanlara necə olmağı öyrədir, yol göstərir. Öz eybini səhnədə görən adam pis vərdişlərindən əl çəkir. Səhnənin gücü də bundadır".

Aktrisa deyir ki, teatr aktyora nizim-intizamlı olmağı, eyni zamanda özünə nəzarəti öyrədir, düşünürsən ki, xalq səni tanıyır, səndən yaxşı nə isə götürür.

Əzizə sənət uğurundan danışarkən deyir: "Vəfa" tamaşasının premyerasından sonra tamaşaçılardan kulisə gələnlər var idi. Tanınmış ziyalılarımızdan biri mənə dedi ki, "qızım, sən əsl dram aktrisasısan". Bu söz məni çox ruhlandırdı. Aktrisa olduğum üçün qürurluyam. Mənə elə gəlir ki, doğru yoldayam". 

Gənc aktrisa teatrdan başqa bir neçə film, serial və reklamlara da çəkilib. O,  "Sonuncu pərdə" bədii filmində aktrisa Solmazı, "Balıqçının qızı" və "Vəli olmasın, Əli olsun" bədii filmlərində aktrisa, Təhminə və Zaur serialında Firəngiz, "Dağıntılar altında"da Mələk, "Günahsız günahkar"da Leyli obrazlarına səhnə həyatı verib. Aktrisanın Asif Rüstəmovun "Şövkət" filmində yaratdığı  həkim obrazı yaxın zamanlarda tamaşaçılara təqdim ediləcək. Filmin üzərində son tamamlama işləri gedir.

Sənət yollarında uğurlu addımlarını atan Əzizə Həşimovanın arzusu mədəniyyət tariximizdə obrazlar qalereyası yaradan bir aktrisa kimi qalmaqdır: "Çalışıram ki, uğurlu bir sənətkar olum". 

Elşən QƏNİYEV,

"Azərbaycan"

Seçilən
26
30
azerbaijan-news.az

10Mənbələr