AZ

Braziliya və Çin liderləri Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə ediblər

Braziliya Prezidenti Luiz İnasio Lula da Silva və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.

“Report”un məlumatına görə, bu barədə Braziliya liderinin mətbuat xidməti məlumat yayıb.

Söhbət bir saata yaxın davam edib. Tərəflər mövcud beynəlxalq vəziyyəti və Rusiya-Ukrayna münaqişəsində sülhün bərqərar olmasına yönəlmiş son təşəbbüslər barədə fikir mübadiləsi aparıblar.

Liderlər çoxtərəfli əməkdaşlığın gücləndirilməsi üçün G20 və BRİKS formatlarının əhəmiyyətini vurğulayıblar.

Lula Belemdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP30) Tərəflərin 30-cu Konfransının hazırlanmasında və keçirilməsində Çinin əsas rolunu qeyd edib.

Si Cinpin Çinin forumda yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını təsdiqləyib və tədbirin uğurla keçirilməsi üçün Braziliya ilə işləməyə hazır olduğunu bildirib.

Tərəflər həmçinin strateji tərəfdaşlıq əlaqələrinin inkişafı, səhiyyə, neft-qaz sənayesi, rəqəmsal iqtisadiyyat və kosmik tədqiqatlar sahələrində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əməkdaşlıq üçün yeni imkanların tapılmasını müzakirə ediblər.

Seçilən
25
1
report.az

10Mənbələr