AZ

Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 11 avqust, AZƏRTAC

Azərbaycan və ABŞ dövlət başçılarının görüşü, görüş zamanı qəbul edilən qərarlar, imzalanan sənədlər Vaşinqtonun Cənubi Qafqaz siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Beləliklə də, ABŞ dövlət başçısının şahidliyi ilə razılaşdırılan sülh müqaviləsi, Qafqazda 30 ildən artıq davam edən münaqişəsinin tarixə qovuşmasına və regionda dayanıqlı sülhün bərqərar olmasına real zəmin yaradır. Xüsusilə, ATƏT-in Minsk qrupunun ləğvi, ölkəmizə qarşı ədalətsiz münasibətin göstəricisi olan 907-ci düzəlişin ləğvi, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində əldə olunan razılaşmalar iqtisadi inkişaf üçün də etibarlı əsaslar formalaşdırır. Uzun müddətdən bəri münaqişə zonası kimi yadda qalmış Cənubi Qafqaz sülh və əməkdaşlıq regionuna çevrilir. ABŞ liderinin iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair sülh müqaviləsinin paraflanması, regiona sülh gəlməsi uzunmüddətli iqtisadi tərəqqi üçün də real zəmin formalaşdırır.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri iqtisad elmləri doktoru Aqil Əsədovun fikrincə, səfərin ABŞ Prezidentinin dəvəti ilə reallaşması bir çox məsələlərə aydınlıq gətirir. Bu, ilk növbədə, Azərbaycan Prezidentinin dünyanın aparıcı liderlərindən biri olduğunu ifadə edir, Azərbaycan dövlətinin etibarlı tərəfdaş olmasını bir daha təsdiqləyir və bütün dünyada ölkəmizə olan inamın, etimadın bir göstəricisi kimi də qəbul edilə bilər.

“İlk növbədə, Zəngəzur dəhlizinin “Beynəlxalq sülh və rifah üçün Tramp yolu” adı ilə açılması razılaşdırılıb ki, bu da mühüm regional və qlobal əhəmiyyət malikdir. Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında quru bağlantı yaradacaq dəhliz həm Naxçıvanla fasiləsiz quru yol əlaqəsini təmin edəcək, həm də Türkiyəyə birbaşa yol açaraq regionda yeni nəqliyyat xəritəsi formalaşdıracaq. Eyni zamanda, bu, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan, lakin icrası illərlə Ermənistan tərəfindən uzadılan məsələnin uğurla reallaşması deməkdir. Dəhlizin açılması Azərbaycan və Ermənistanın xarici bazarlara çıxışını asanlaşdırmaqla, hər iki ölkənin ticarət əlaqələrinin inkişafına təkan verəcək. Digər tərəfdən, beynəlxalq yükdaşımalarının intensivliyinə şərait yaradacaq ki, bu da dünya ticarətinin inkişafına, dünya dövlətləri arasında əmtəə bölgüsünün balanslaşdırılmasına kömək edəcək”, - deyə Aqil Əsədov bildirib.

Onun fikrincə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-a səfəri qarşılıqlı münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Eyni zamanda, bu səfər regionda etibarlı sülhün bərqərar olması, qlobal və regional təhlükəsizlik, Azərbaycan-ABŞ münasibətlərində Bayden dövründə yaranmış soyuqluğun aradan qaldırılması kimi məsələlərə öz töhfəsini verəcək. Təbii ki, səfərin siyasi-strateji əhəmiyyəti ilə yanaşı, prezidentlər arasında keçirilən yüksəksəviyyəli danışıqlar iqtisadi münasibətlərin inkişafına da təsirsiz ötüşməyəcək.

Səfər zamanı Azərbaycan-ABŞ arasında strateji tərəfdaşlığa dair müvafiq sənəd imzalanıb, eləcə də bu istiqamətdə inkişaf məqsədilə Strateji İşçi Qrupu yaradılıb. Sənəd üç istiqaməti əhatə edir:

1. Enerji, ticarət və nəqliyyat;

2. Rəqəmsallaşma və süni intellekt məsələləri;

3. Müdafiə və təhlükəsizlik məsələləri.

Hər üç istiqamət olduqca mühüm siyasi-strateji və iqtisadi əhəmiyyətə malikdir. Dünyanın bir nömrəli dövləti ilə qeyd edilən istiqamətlərdə münasibətlərin inkişafı, şübhəsiz ki, Azərbaycan iqtisadiyyatının da inkişafına töhfə verəcək. Regiona sülhün gəlməsi ilə müxtəlif sahələrə milyardlarla investisiyalar, yeni texnika və texnologiya cəlb ediləcək. Ölkəmizdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə orqanik kənd təsərrüfatı məhsulları istehsalı, müxtəlif xidmət sahələri, yenidən qurulan bu ərazilərdə rəqəmsallaşma və süni intellektdən istifadə kimi istiqamətlər amerikalı iş adamları üçün cəlbedici ola bilər. Aydındır ki, sülh yalnız siyasi qərar deyil, həm də uzunmüddətli iqtisadi tərəqqiyə açılan qapıdır. Bu mənada, Cənubi Qafqazın əməkdaşlıq regionuna çevrilməsi ümumi iqtisadi tərəqqi üçün yeni imkanlar yaradacaq.

İqtisad elmləri doktoru qeyd edir ki, dövlət başçıları arasında dostluq münasibətləri, keçirilən yüksəksəviyyəli görüşlər ikitərəfli münasibətlərin inkişafı üçün mühümdür və liderlər diplomatiyası daha etibarlı, davamlı və intensiv münasibətlər formalaşdırır. Bu mənada, Azərbaycan və ABŞ prezidentlərinin dostluq münasibətləri, bir çox məsələlərdə oxşar baxışları yeni strateji müttəfiqlik üçün sarsılmaz əsasdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
azertag.az

10Mənbələr