AZ

Zəfərin beynəlxalq müstəvidə sənədləşdirilməsi... Deputatdan AÇIQLAMA

Modern.az saytından alınan məlumata görə, ain.az bildirir.

Cənubi Qafqazın mürəkkəb geosiyasi mühitində hər bir diplomatik uğur, əslində, illərlə davam edən səbr, strateji uzaqgörənlik və siyasi iradənin nəticəsidir.

2020-ci ildə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə ilə bərpa olunan ədalət, təkcə hərbi zəfərlə məhdudlaşmadı, bu, həm də sülhün siyasi müstəvidə təmin olunması üçün yeni imkanlar açdı. Lakin regionumuzun həssas reallığında sülhün qorunması, bəzən qələbəni qazanmaqdan daha çətin olur. Çünki müharibə sonrası mərhələdə də sülh prosesini pozmaq istəyən, bölgəni yenidən gərginliyə sürükləmək niyyətində olan daxili və xarici qüvvələr mövcud idi.

Məhz bu məqamda Prezident İlham Əliyevin diplomatik liderliyi həlledici rol oynadı. Vaşinqton səfəri isə həmin prosesin kulminasiya nöqtəsinə çevrilərək, regionumuz üçün uzunmüddətli sabitlik yolunu möhkəmləndirdi. Bu görüş Ermənistanla münasibətlərin normallaşması ilə yanaşı, eyni zamanda Azərbaycanın beynəlxalq mövqeyini gücləndirərək, onu qlobal diplomatiyada söz sahibinə çevirdi.

Ən əsası isə bu proses minlərlə gəncin həyatını xilas etdi, yeni qurbanların qarşısını aldı və ölkəmizi növbəti müharibə təhlükəsindən qorudu.

Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, Cənubi Qafqaz regionunun mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycanın 8 avqust 2025-ci il Vaşinqton görüşündə əldə etdiyi nəticələr, uzun illər aparılan ardıcıl və məqsədyönlü diplomatik fəaliyyətin məntiqi nəticəsidir. Onun sözlərinə görə, tarixdə bir çox hadisələrin əhəmiyyəti zaman keçdikcə daha aydın görünür və bu görüş də məhz belə hadisələrdən biridir.

Deputat qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin bütün mərhələlərində Azərbaycan həm qurban, həm də hədəf olub:

“Qərb dövlətlərinin böyük bir hissəsi Azərbaycanı daha çox müsəlman və türk kimliyi ilə xarakterizə edib. Bu isə, xüsusilə ABŞ kimi dünyanın ən güclü xristian dövlətinin siyasətinə erməni lobbisinin təsir imkanlarını artırıb. SSRİ dağıldıqdan sonra ABŞ dünya siyasətində yeganə super güc kimi Azərbaycanın diqqət mərkəzində olub. Lakin bu münasibətlər tarixin müəyyən dövrlərində ədalətsiz yanaşmalarla müşahidə edilib, o cümlədən erməni lobbisinin təsiri ilə qəbul olunan 907-ci düzəliş nəticəsində işğala məruz qalan Azərbaycana sanksiyalar tətbiq olunub”.

“1994-cü ildə Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalayaraq ABŞ-la münasibətlərin strateji əsasını qoydu və bu yolla Azərbaycanın müstəqilliyinin dönməzliyini təmin etdi. “Erməni lobbisinin güclü təsirinə baxmayaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2000-ci illərin əvvəllərində ABŞ siyasətində ən azı neytrallığa nail olunması böyük diplomatik uğur idi. 2020-ci ildə Vətən müharibəsi zamanı Tramp administrasiyasının neytral mövqeyi də bu siyasətin nəticələrindən biri oldu,” – deyə deputat əlavə edib.

O vurğulayıb ki, 8 avqust 2025-ci il Vaşinqton görüşü təkcə Ermənistanla bağlı məsələ deyildi. Ermənistan artıq Prezident İlham Əliyevin irəli sürdüyü prinsipləri qəbul etmişdi:

“Əslində, Ermənistan Azərbaycanın Qarabağda məğlub etdiyi qüvvələr içində ən zəifi idi. Əsas məqsəd digər düşmən qüvvələr üzərində qazanılmış Zəfərin beynəlxalq müstəvidə sənədləşdirilməsi idi. Bu görüş ABŞ Prezidenti tərəfindən bütün dünyaya verilən güclü mesajlarla yadda qaldı və Azərbaycanın müstəqilliyi, dövlətçiliyi əbədi olaraq təsdiqləndi”, – deyə Tahir Mirkişili bildirib.

“Əgər 1994-cü ildə Heydər Əliyev Azərbaycanın bir hissəsi işğal altında olmasına baxmayaraq, müstəqilliyini qoruyub saxlamağı bacardısa, 2025-ci ildə Prezident İlham Əliyev artıq bütöv və azad Azərbaycanın müstəqilliyini əbədi etdi. Bu, dünya diplomatiyasında bir müsəlman və türk dövlətinin indiyə qədər çatdığı ən yüksək zirvədir” – deyə sonda deputat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
modern.az

10Mənbələr