Almaniyanın “Bayer” klubunun 35 yaşlı fin qapıçısı Lukaş Hradetski bundan sonra “Monako”nun uğurları üçün çalışacaq.
Arena.az bu barədə “knyazlıq klubu”nun mətbuat xidmətinə istinadən məlumat verir.
Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Keçid “Monako”ya 3 milyon avro məbləğ müqabilində başa gəlib.
Lukaş Hradetski TPS-in məzunudur. Qapıçı, karyerası ərzində “Esbyerq”, “Brondbü”, “Ayntraxt” (Frankfurt) və “Bayer”də çıxış edib.
Geridə qalmış mövsümdə Hradetski “Bayer” üçün 35 oyuna çıxıb, 48 qol buraxıb, 8 oyunda qapısının toxunulmazlığını təmin edib.
Hradetski 2010-cu ilin may ayında debüt etdiyi, hazırda kapitanı olduğu Finlandiya yığmasının heyətində 101 oyun keçirib. O, bu oyunlarda 121 qol “yeyib”, 36 oyundan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 35 yaşlı fin qapıçının transfer dəyərini 2 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Hradetski “Monako” ilə müqaviləsinin rəsmiləşdiyi gündə “İnter”lə yoxlama oyununda debüt edib. “Knyazlıq klubu” bu görüşdə 1:2 hesabıyla məğlub olub.
