"Moskva ilə mümkün saziş narahatlıq doğurur..."
ABŞ, Ukrayna və bir sıra Avropa ölkələrinin yüksək vəzifəli nümayəndələri bu həftəsonu Böyük Britaniyada görüş keçirməyi planlaşdırır.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" nəşri yazıb.
Nəşr qeyd edir ki, görüşün məqsədi ABŞ prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında avqustun 15-də Alyaskada baş tutacaq sammitdən əvvəl ortaq mövqe formalaşdırmaqdır.
Nəşrin yazdığına görə, NATO müttəfiqləri və Kiyev Trampın Putinin təkliflərini onların mövqeyini nəzərə almadan qəbul edə biləcəyindən ehtiyatlanır. Bu ideya ABŞ, Ukrayna və Avropa nümayəndələrinin cümə günü keçirdiyi telefon konfransında ortaya çıxıb. Hələlik görüşün dəqiq iştirakçı siyahısı müzakirə mərhələsindədir.
Putinin şərtləri və mümkün kompromis
"Axios"-un mənbələrinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun Moskvada Putinlə görüşündə Rusiya lideri müharibəni dayandırmağa hazır olduğunu bildirib. Şərt isə Ukraynanın Luqansk və Donetsk vilayətlərini, həmçinin 2014-cü ildə ilhaq edilmiş Krımı Rusiyaya verməsidir.
Bəzi iştirakçılar Putinlə ilkin danışıqlardan sonra onun Xerson və Zaporojye vilayətlərinə dair iddialarından imtina edə biləcəyi təəssüratına düşsə də, ertəsi gün Uitkoff bu vilayətlərdə yalnız mövcud hərbi vəziyyətin "dondurulmasına" razılaşdığını açıqlayıb.
Bu isə o deməkdir ki, bölgələrin əhəmiyyətli hissəsi, o cümlədən strateji Zaporojye Atom Elektrik Stansiyası Rusiyanın nəzarətində qalacaq. Ukrayna rəsmiləri bildirir ki, hətta Zelenski bu tələblərə razı olsa belə, Konstitusiyaya görə torpaq güzəşti yalnız referendum yolu ilə mümkündür.
Alyaska sammiti və Trampın "torpaq mübadiləsi" mesajı
Tramp görüşün yerini və tarixini artıq açıqlayıb - 15 avqust 2025-ci il, Alyaska. Kreml də bu xəbəri təsdiqləyərək Alyaskanı "iki ölkənin iqtisadi maraqlarının kəsişdiyi məkan" kimi xarakterizə edib. ABŞ prezidenti isə Ukrayna sülh sazişində "torpaq mübadiləsi"nin gözlənildiyini deyib:
"Üç il yarım uğrunda döyüşülən torpaqlar var, çoxlu ukraynalı və rus həlak olub. Biz bu ərazilərin bir hissəsini qaytarmaq, bir hissəsini dəyişmək istəyirik. Bu, asan deyil, amma hər iki tərəfin xeyrinə olacaq dəyişikliklər mümkündür". Tramp hesab edir ki, Vladimir Zelenski "nə isə imzalamağa" hazır olmalıdır və yaxın aylarda Ukrayna üzrə sülh sazişinin bağlanması üçün real imkanlar mövcuddur.