
“Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi ABŞ-nin Zəngəzur dəhlizi layihəsinin üzərindən həyata keçirdiyi strategiya ilə müəyyənləşdi. ABŞ bu yolla regionda Ermənistanı həm Rusiyanın caynağından xilas etməyə çalışır, həm də Azərbaycan–Türkiyə strateji ittifaqı ilə birlikdə yeni əməkdaşlıq modeli formalaşdırmağa çalışır”, – deyə Aqşin Kərimov vurğulayıb. A.Kərimov deyib ki, Rusiya ilə ABŞ arasında da müəyyən razılıqların olması istisna deyil. Onun sözlərinə görə, avqustun ortalarında Rusiya Prezidenti Vladimir Putin və ABŞ-nin Prezidenti Donald Tramp arasında Alyaskada keçirilməsi planlaşdırılan görüş də region üçün mühüm nəticələr verə bilər:
“Görüşün nəticələri Vaşinqtonda əldə edilən razılıqlara təsir göstərmək baxımından müəyyən önəmə sahibdir. Çünki Rusiya istədiyini əldə etməsə və Amerika Ukrayna məsələsində müəyyən güzəştə getməsə, o zaman Cənubi Qafqazda vəziyyət gərginləşə bilər. Bu halda Rusiya əsasən Ermənistan üzərində təsir imkanlarını artırmağa çalışacaq”. Kərimov həmçinin qeyd edib ki, Zəngəzur dəhlizi iqtisadi layihə kimi Azərbaycanın strateji maraqlarına cavab verir, ABŞ üçün isə Cənubi Qafqazdan Mərkəzi Asiyaya uzanan çoğrafiyada vahid geosiyasi formasında maraqlanıra xidmət edir. Ehtimal ki, Amerika Birləşmiş Ştatları Rusiyaya Zəngəzur dəhlizində iştirakla bağlı müəyyən təkliflər verəcək.
Siyasi təhlilçi bildirib ki, 907-ci Düzəlişin ləğvi Azərbaycanın silah arsenalına, ordu resurslarına mühüm təsir göstərəcək.
“Belə ki, 907-ci düzəliş Azərbaycana silah satışına qadağa qoyub. Bundan sonra isə Azərbaycan ABŞ-nin müasir silahlarına çıxış imkanları əldə edə bilər. “ATƏT-in Minsk qrupunun ləğvinə gəlincə, imzalanan birgə bəyannamədə digər üzv ölkələrə bununla bağlı çağırış edilir”, deyə A.Kərimov əlavə edib: “Ehtimal ki, Rusiya məsələyə icazə verəcək və Fransanın da son zamanlar Azərbaycanla istiləşən münasibəti ATƏT-in Minsk qrupunun ləğvinə təkan verəcək”.
Qeyd edək ki, 8 avqustda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Amerika Prezidentinin Donald Trampın təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüş keçirilib”.