İsrail-İran hərbi münaqişəsindən sonra rəsmi Tehranın xarici siyasət ritorikasındakı dəyişikliklər hiss edilməyə başladı. İran rəsmiləri əvvəlkindən fərqli olaraq, açıqlamalarında aqressivlik tonunu xeyli yumşaltmağa məcbur olublar. Çünki nə təzyiq rıçaqları əvvəlki kimidir, nə diplomatik alətlər, nə də hərbi resurslar. 12 günlük müharibədən sonra həm siyasi quruluşun, həm də cəmiyyətdəki münasibətlər sisteminin dəyişilməsinə ciddi ehtiyacın duyulmasına dair bəyanatların hətta klerikal rejimin ən mühafizəkar təmsilçiləri tərəfindən də səsləndirilməsi onu göstərir ki, İran ciddi islahatlar astanasındadır.
İslahatçılar, yoxsa mühafizəkarlar?
Hadisələrin İran dövlətçiliyi üçün hansı ssenari ilə cərəyan edəcəyini zaman göstərəcək. Ancaq indidən aşkar şəkildə görünür ki, Tehrandakı idarəçilər mühafizəkar və islahatçı cəbhələrə bölünüblər. İran yaxın gələcəkdə ikincilərin təklif etdikləri hərtərəfli liberallaşma yolu ilə də gedə bilər, mühafizəkarların təzyiqləri ilə dəyişiklərsiz də keçinər. Ancaq nə vaxtadək?
İranın daxilində təhlükəsizliklə bağlı ciddi boşluqlar var. Ağır sosial-iqtisadi durumu da əlavə etsək, ölkədə dərin və hərtərəfli islahatların həyata keçirilməsi üçün zəminin yetişdiyini deyə bilərik. Real dəyişikliklərə start verilməsi mövcud narazılıqları müvəqqəti olaraq neytrallaşdıra bilər. Yox, əgər Tehranda mühafizəkarların xətti üstün olarsa, gedişat hətta qiyam və sistem dəyişikliyi uğrunda mübarizəyə də yol açar.

Xarici siyasətin iflası
İsraillə müharibə göstərdi ki, İranın hətta müsəlman aləmində də lazımi nüfuzu yoxdur. Digərlərinə yuxarıdan aşağı baxma, təhdid ritorikasına üstünlük ölkənin real təcridinə səbəb olub. Bunu ən çox hiss edən dövlətlərdən biri də elə Azərbaycandır. Bu baxımdan, əgər söhbət islahatlardan gedirsə, bu prosesin mütləq xarici siyasəti də əhatə etməsi başlıca şərtdir.
İran qonşularına qarşı, xüsusilə Azərbaycanla münasibətlərdə təhdidedici, eqoist tərzi ilə nəyə sahib oldu? İran əhalisini çoxsaylı sosial, iqtisadi, siyasi problemlərlə yanaşı, məhz bu sual da maraqlandırır.
Bunun aşkar əlamətləri artıq özünü büruzə verir. Özü də aşağılarda deyil, hakimiyyətin ən üst qatında. Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın Azərbaycanla münasibətlərə dair kifayət qədər cəsarətli çıxışı İran cəmiyyətindəki ab-havanın carçısıdır: “Bəziləri mütəmadi olaraq “Azərbaycan müharibədə İsrailə yardım edirdi” ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?”.
