AZ

Pezeşkianın Pakistana səfəri: İran yeni regional strategiya qurur? – ÖZƏL

İran Prezidenti Məsud Pezeşkianın Pakistana rəsmi səfəri zamanı iki ölkə arasında 11 əməkdaşlıq sənədi və birgə bəyanatın imzalanması gözlənilir. Bu barədə məlumatı İranın İslamabaddakı səfiri Rza Əmiri Moqadam verib. Diplomatın sözlərinə görə, səfər İran-Pakistan münasibətlərində yeni mərhələnin başlanğıcı olacaq. Tərəflər arasında azad ticarət zonası yaradılması da gündəmdədir. 

Maraqlıdır, 2024-cü ilin yanvar ayında bu iki ölkə arasında atışma olmuşdu. İran Pakistan ərazisində bəluclar yaşayan ərazini bombalamış, Pakistan da İrana cavab zərbələri endirmişdi. Pezeşkianın Pakistana ilk səfəri İranın yeni regional siyasətində hansı strateji dəyişikliklərə işarə edir?

"İranla İsrail arasında gərginliyin artdığı bir vaxtda Pakistan Müdafiə Nazirliyinin nümayəndələrindən biri çox diqqətçəkən bir açıqlama verdi. O bildirdi ki, İran-Hindistan münaqişəsində Tehran Hindistanı dəstəkləsə də, İran-İsrail qarşıdurmasında Pakistan İranın yanında yer alır. Bu, əslində çox ciddi bir mesaj idi və İrana qarşı yönəlmiş zərif bir siqnal kimi qiymətləndirilə bilər. Ümid edirəm ki, İran bu mesajdan düzgün nəticə çıxarar".

Bu sözləri siyasi şərhçi Əhəd Məmmədli Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, bir müddət əvvəl Bəlucistan ərazisində İranla Pakistan arasında sərhəd toqquşmaları baş vermişdi. Hər iki tərəf bir-birinin ərazisinə zərbələr endirmişdi. Lakin bu münaqişə daha sonra, əsasən Pakistanın daha konstruktiv və uzlaşıcı mövqeyi sayəsində həll olundu və tərəflər danışıqlara qayıtdılar. Əslində İranın da Pakistana ehtiyacı var. Çünki hazırda İran beynəlxalq səviyyədə təklənib. Xüsusilə İsrail və ABŞ ilə artan qarşıdurma fonunda İran İslam dünyasında da təcrid vəziyyətinə düşüb. Bu, ilk növbədə, İranın illərdir yürütdüyü siyasətin nəticəsidir. İran Prezidenti Məsud Pezeşkian belə bir açıqlama verib ki, əgər İranın Azərbaycanla problemi varsa, bu, Azərbaycanın yox, məhz İranın günahıdır. Bu, tamamilə doğrudur. Burada söhbət təkcə Azərbaycandan getmir. İranın qonşularına baxsaq, görərik ki, onların əksəriyyəti müsəlman ölkələridir. Təkcə bir xristian ölkə - Ermənistan istisnadır. Lakin maraqlıdır ki, İranın yeganə problemi olmayan ölkə elə Ermənistandır. Hazırda Ermənistanda ən sevilən ölkələrdən biri bəlkə də İrandır.

Ə. Məmmədli vurğulayıb ki, bu məqamda İran özü düşünməlidir: Azərbaycan pisdir, Pakistan pisdir, Türkiyə pisdir - bəs kim qaldı? Birləşmiş Ərəb Əmirlikləri ilə adalar üstündə mübahisələri var. Səudiyyə Ərəbistanı ilə münasibətləri illərlə gərgin olub. İraqla da problemlər yaşanır - baxmayaraq ki, orada hakimiyyətdə İranla yaxın fiqurlar var, amma artıq İraq cəmiyyəti də İranın müdaxiləsindən yorulub. İran çalışır bütün müsəlman qonşularının daxili işlərinə qarışsın və onları öz orbitində saxlasın. Bu isə ciddi narazılıqlar yaradır. Bu vəziyyətdə İran ən azından Pakistanla münasibətləri bərpa etməyə çalışır, eyni zamanda Prezident Pezeşkianın dili ilə Azərbaycanla da münasibətləri düzəltmək istədiyini göstərir. Amma sual budur: İran bu məsələlərdə nə qədər səmimi olacaq? Nə qədər sabit, uzaqgörən və qurucu siyasət yürüdəcək?

Siyasi şərhçi qeyd edib ki, əgər Tehran bu yolda səmimiyyət göstərərsə, bu münasibətlər təkcə Pakistanla yox, digər müsəlman ölkələrlə də yaxşılaşa bilər. Əks halda isə, növbəti qarşıdurmalarda İran, hətta İslam ölkələrindən belə dəstək ala bilməyəcək. Belə olan halda İranın mövqeyi daha da zəifləyəcək. Məncə, İran rəhbərliyi bu haqda ciddi düşünməlidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
84
33
olaylar.az

10Mənbələr