"Bəzən deyirlər ki, "sənət ucuzlaşıb, sənət yoxdur". Mən belə deməzdim. Kim hardan baxırsa, ordan da sənəti görür. Savadı, təhsili, zövqü formalaşmayan insanlar başqa yönlü musiqilərə qulaq asırlar. Zövqü olanlar əsl musiqini sevir, dinləyir. Sadəcə burada söhbət keyfiyyətdən yox, kəmiyyətdən gedir. Kəmiyyətcə başqa zövqlü insanların sayı daha üstündür. Peşəkar sənətkarlarımız təhsil ocaqlarında çoxdur, onlar tələbələr, şagirdlər yetişdirirlər. Sadəcə olaraq onları görən yoxdur. Bu da televiziyaların günahıdır. Belə deyək də, papaq altında elə oğlan və qızlar var ki, efirlərə pul verib çıxmaq imkanına sahib deyillər. Başa düşürəm, özəl kanallardır, heç kimi günahlandırmaq olmur. Ona görə də pulu olanlar efirlərə çıxır, pulu olmayanlar da məlumdur ki, çox vaxt başqa mahnılar oxuyurlar"
Bunu Moderator.az-a açıqlamasında əməkdar artist Nüşabə Ələsgərli deyib.

O daha sonra yaradıcılığında görkəmli bəstəkar Şəfiqə Axundovanın izinin olduğunu bildirib:
"Şəfiqə Axundovanın mənim yaradıcılığımda, sənət həyatımda çox böyük rolu olub. Ilk tanışlığımız 1996-cı ildə baş tutub. Onu evimizə dəvət edib, qonaq etmişdim. Sonra ondan bir neçə mahnı götürdüm. Ən çox oxunan mahnısı olan "Gözlərimin işığı sənsən" mahnısını mən də ifa etdim, klip çəkdirdim. Çox da bəyənildi. Ona görə "Şəfiqə Axundovanın üslub xüsusiyyətləri" adlı elmi işimi müdafiə etdim. Şəfiqə xanım o qədər çoxşaxəli bəstəkardır ki. O həm estrada, həm də opera sahəsində böyük işlər görüb. Bilirsiniz ki, Üzeyir Hacıbəylinin tələbəsi olub. Mən də fəxr edirəm ki, onun yaradıcılığına müraciət etmişəm" deyə müğənni bildirib.

Müğənni o illərdə ifa etdiyi mahnılarla bağlı etiraf da edib:
"O illərdə toylarım çox, övladlarım da körpə olduğundan bir çox işləri çatdıra bilmirdim. Mahnıları da demək olar ki, qaça-qaça, qova-qova oxumuşam. Keyfiyyətə az fikir vermişəm, aranjimançıların üstündə daha az dayanmışam. Ona görə də bir az məsuliyyətsiz yanaşmağım bununla nəticələnib ki, aranjimanlarım da zəif olub, ifalarım da. Bir sözlə mahnılara ürək qoymamışam. Amma oxunanlar artıq oxunub. Onları yenidən aranjiman etdirmək fikrim yoxdur" deyə müğənni bildirib.